Azərbaycan prezidenti İlham Əliyev Fransada səfərdə olarkən Qarabağ danışıqlarının bərpasını istədiyini bildirib. Ancaq bu, asan məsələ deyil. «Foreign Policy»dərgisinin məqaləsi bu cümlələrlə başlayır. Müəllif Emily Tamkin hər iki tərəfin həm danışıqlar arzusunu dilə gətirdiyini, həm də danışıqların mübahisədən başqa bir şeyə bənzəmədiyini yazır.
DANIŞIQLARA BAŞLANMASA...
Fransada prezident İ.Əliyev «Danışıqlar mümkün qədər tez bərpa olunmalı, Ermənistan bu prosesdən boyun qaçırmamalıdır», - deyib. O, münaqişəyə son qoyulması, indiki durumun dəyişməsi, regionda sülhün bərpası və azərbaycanlı qaçqınların vətəninə dönməsinə şərait yaradılması arzusunda olduğunu söyləyib. «Amma Azərbaycan nə Qarabağı, nə də Qarabağdakıların haqlarını tanıyır və Azərbaycan erməni fobiyasından qurtarmayınca, danışıqların da, bəyanatların da xeyri olmayacaq». Bunu, tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın insan haqları üzrə ombudsmanı Ruben Melikian «Foreign Policy»ə müsahibəsində deyib. Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov isə R.Melikian-ın dediklərini rədd edir, danışıqlara başlanmasa, regionda sülhü gözləməyin mənasız olduğunu söyləyir. «Foreign Policy»yə müsahibəsində V.Qurbanov Ermənistan rəhbərliyinin münaqişədən ölkədə siyasi durumu tənzimləməkdən ötrü yararlandığını bildirib. «Bundan necə yararlanmaq olar, hər iki tərəfdə ölənlər varsa, hansı yarardan söhbət gedə bilər?» - R.Melikian-ın dərgiyə cavabı belə olub.
«SÖHBƏT YALNIZ İŞĞALDAN GETMİR»
Məqalədə Qarabağda ötən ilin yazında baş verən döyüşlər xatırladılır. Hər iki tərəfin xeyli itki verdiyi və münaqişənin qızışmasında bir-birini günahlandırdığı yada salınır. «Bu, donmuş münaqişə deyil. Donmuş münaqişə tərəflərin gərgin olması, amma sakit dayanması deməkdir», – deyən R.Melikian son 10 ayda onlar tərəfdən 20 əsgərin həlak olduğunu, 95-nin yaralandığını vurğulayıb. Qeyd edək ki, Azərbaycan tərəfdən itkilərlə bağlı rəsmi rəqəm açıqlanmayıb. Amma müstəqil mənbələr aprel döyüşlərində Azərbaycanın onlarla hərbçisini itirdiyini bildirib. Yazı müəllifi durumun Azərbaycan tərəfdən fərqli göründüyünü qeyd edir. Qarabağdan, eləcə də Qarabağın ətrafındakı rayonlardan qovulmuş azərbaycanlıları xatırladır. «Söhbət yalnız işğaldan getmir, həm də o torpaqların necə işğal olunmasından gedir», – V.Qurbanov deyib. «Tərəflərin razılaşdığı yeganə məqam dəyişiklikdir», – deyə müəllif durumun dəyişməsini hər iki tərəfin arzuladığını qeyd edir. Məsələn, V.Qurbanov Qarabağdakı əhalinin daha yaxşı həyata layiq olduğunu söyləyib. R.Melikian isə gələcək münaqişələrin qarşısını almaqdan ötrü beynəlxalq insan haqları cəmiyyətlərinin regiona gətirilməsini, zorakılıqların nəticələrinin araşdırılması mexanizminin yaradılmasını istəyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?