Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə əvvəlcə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduda kompleks islahatlar aparılaraq yeni və müasir döyüş texnikaları, hərbi vasitələr silahlanmaya daxil edilib. Kadrların peşəkarlığının yüksəldilməsi istiqamətində praktik addımlar atılıb, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Zakir Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda dövlət başçısı tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov çıxış edərək bildirib ki, aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti bu münaqişəyə cəlb edib.
Ə. Həsənov vurğulayıb ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında qeyd edib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi Füzuli rayon sakinlərinin də böyük ruh yüksəkliyinə səbəb olub. Aprel döyüşlərində Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verib.
Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev mərasimdə qeyd edib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu haqlı olduğunu və gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərdi. T. Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində onlara, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Aprel döyüşlərinin iştirakçıları adından çıxış edən polkovnik-leytenant Eldəniz Sadıqov da vurğulayıb ki, həmişə olduğu kimi, indi də şəxsi heyətin döyüş ruhu çox yüksək səviyyədədir. Döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada olduğunu qeyd edən zabit döyüşçü silah yoldaşları adından bildirib ki, şəxsi heyət işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalandırılması üçün döyüşlərə həmişə hazırdır.
Sonra 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında müdafiə nazirinin əmri oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub.
Hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrə göstərdikləri dəstəyə görə cəbhəboyu zonada yerləşən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şəmkir, Tərtər və Xocavənd rayonlarının icra hakimiyyəti başçılarına Müdafiə nazirinin xüsusi mükafatları təqdim edilib.
Sonda “Aprel zəfəri - 2016” ədəbi-musiqili kompozisiya təqdim olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?