"Biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq".
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva bu gün keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: "Bir daha qeyd edirəm ki, bu, Oyunların rəsmi açılışından əvvəl bizim son görüşümüzdür. Gərək əmin olaq ki, heç bir məqam, heç bir məsələ diqqətimizdən kənarda qalmayıb. Ona görə də əgər hansısa sahələrdə həllini tapmayan məsələlər varsa, buyurun, biz indi bütün bu məsələləri müzakirə edib çıxış yolunu tapmalıyıq. Kimsə bir söz demək istəyirmi?"
Birinci vitse-prezidentin sözlərinə görə, Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb: "Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Biz "dünya standartlarına uyğun" kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir.
Mən sizin hər birinizə gördüyünüz işlərə görə dərin minnətdarlığımı bildirirəm. Müvafiq strukturlarda aparılan işlərə görə minnətdarlığımı bildirirəm. Mən çox şadam ki, bizim artıq formalaşmış komandamız var. Əgər yenə də birinci Avropa Oyunlarına qayıtsaq, əminəm ki, Oyunların uğurlu keçməsi, əlbəttə, ilk növbədə, cənab Prezidentin dəstəyi, bütün Azərbaycan xalqının dəstəyi və çox peşəkar komandamızın birgə əməyi nəticəsində başa gəlmişdir.
Siz bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır. Cənab Prezident son çıxışlarında Təşkilat Komitəsinin işini bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Biz gərək bu etimadı tam gücümüzlə doğruldaq".
Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub: "Bu da öz növbəsində keçiriləcək Oyunların əhəmiyyətini gücləndirir. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?