Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər.
gundemxeber.az AZƏRTAC-a istiniadən xəbər verir ki, Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, "ITECA Caspian" və "ITE Group" şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
XXIV "Xəzər Neft və Qaz-2017" beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi platformadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə platformasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar edəcəklər.
XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransında "ITE Group Plc" şirkətinin xüsusi məsləhətçisi Endryu Vud çıxış etdi.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunniqan Birləşmiş Ştatların Prezidenti Donald Trampın təbrik məktubunu oxudu.
Sonra Avropa İttifaqının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefşoviçin videomüraciəti təqdim olundu.
Çıxışlardan sonra Prezident İlham Əliyev sərgilərlə tanış oldu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?