Azərbaycan prezidenti İlham Əliyevin Prezident Administrasiyasında etdiyi son kadr və struktur dəyişiklikləri 3 yüksək ranqlı məmurun istefası ilə müşayiət olunub.
gundemxeber.az BakuPost.az-a istinadın bildirir ki, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda Kamal Abdulla Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən çıxarılıb. Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev də vəzifəsindən uzaqlaşdırılıb.
Məlumat üçün bildirək ki, F.Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb. Prezidentin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Kamal Abdulla da 4 dekabr 1950-ci ildə Bakıda doğulub. 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin Sərəncamı ilə təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışıb. Prezidentin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilmişdi.
Vahid Əli oğlu Əliyev 19 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Prezident yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi işləyib. 1996-1997-ci illərdə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik nazirinin müavini, 1997-2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri vəzifələrində çalışıb. Prezidentin 12 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?