Təkliflər və qanun layihələrinin müzakirəsində mövqelər haçalandı; Qüdrət Həsənquliyev məmurların yaltaqlanmasına qadağa qoyulmasını təklif etdi
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Birinci vitse-spiker, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov Azərbaycandakı məhkəmələr və onların çıxardığı qərarlar barədə danışdı.
O bildirdi ki, məhkəmə sisteminə kölgə salmaq məqsədilə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir: “Amma Avropa İnsan Haqları Məhkəməsinin rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qəbul edilən qərarların sayından çoxdur. Belə ki, çıxarılan qərarların sayına görə Rusiya, İtaliya və Özbəkistan, Yunanıstan öndə gedir. 2016-cı ildə Avropa Məhkəməsində Azərbaycanla bağlı cəmi 16 qərar qəbul olunub, ancaq Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur. Əhalisinin sayı demək olar ki, Azərbaycanla eyni olan Bolqarıstana qarşı 33 qərar çıxarılıb. Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 10 il müddətində təyin olunmuş hakimlərin səlahiyyət müddəti bitib və onların bir çoxlarının səlahiyyət müddəti artırılmalıdır. Bundan sonra Şəlalə Məmmədova, Tahir Kazımov, Əhməd Nurməmmədov, İmran Hacıqayıbov və digərlərinin namizədliyini təqdim etdi, həmçinin səlahiyyətləri bitənlərin adlarını açıqladı. Spiker O.Əsədov isə yeni təyinat alan hakimlərə xitabən “arzu edirəm ki, tərəziniz həmişə düz olsun, ürəyiniz təmiz olsun. Sizi təbrik edirəm, gedə bilərsiniz” deyə bildirdi. Milli Məclisdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məruzə edəndən sonra maliyyə naziri Samir Şərifov çıxış etdi. Bildirdi ki, 2017-ci ilin dövlət büdcəsinin 1 milyard 41 milyon manat məbləğində artırılması, 231 milyon məbləğdə xərclərin isə strukturunun dəyişdirilməsi və yenidən bölüşdürülməsi nəzərdə tutulur: “2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait yönəldiləcək. Bundan başqa, 2016-cı il ərzində ARDNŞ tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib. Həmçinin lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün fondun nizamnamə kapitalının 546 milyon manat artırılması nəzərdə tutulub. 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 milyon manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur. 2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni ”Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək". S.Şərifov bildirdi ki, bununla əlaqədar olaraq 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq: “Bundan başqa, ölkədə yol infrastrukturunun tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36,0 milyon artırılması nəzərdə tutulub. Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların əməkhaqlarının tənzimlənməsi, həmçinin bu səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndələrinin saxlanılması üçün 14,1 milyon manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5 milyon manat artırılması nəzərdə tutulur. Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1.041 milyon manat artırılaraq 17 941 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq. 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə mütləq ifadədə 16766,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur. Həmin artım Azərbaycan Respublikası Mərkəzi Bankının mənfəətindən ayırmalar üzrə 250,0 milyon manat, Vergilər Nazirliyi üzrə 135,0 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50 milyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 milyon manat təşkil edəcək”. Maliyyə naziri deputatlardan qanun layihəsinə səs vermələrini xahiş etdi. Deputat Qüdrət Həsənquliyev bildirdi ki, gələn il Azərbaycanın iki keçmiş prezidenti - Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 yaşı tamam olacaq. Növbəti il isə Məhəmməd Əmin Rəsulzadənin yubileyi qeyd olunacaq. Deputat tarixi şəxsiyyətlərin adlarının əbədiləşdirilməsini təklif etdi: “Onsuz da Azərbaycan universitetlərin sayına görə qonşu ölkələrlə müqayisədə geridə qalır. Biz yubileylər münasibətilə hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, həm onların ruhunu şad edər, həm də ali məktəblərin və tələbələrin sayına görə irəliyə doğru addım atmış olarıq. Mən başa düşürəm, YAP üzvlərinin Əbülfəz Elçibəyə münasibəti fərqlidir. Amma mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyin dəfninə qatılmaqla ona verdiyi dəyəri nümayiş etdirib. Eyni zamanda Əbülfəz bəy də Heydər Əliyevi Bakıya dəvət etməklə çox ciddi addım atmışdı. Zaman onsuz da bütün bunların qiymətini verəcək. Amma bizlər bunu nə qədər tez etsək, cəmiyyətimizin xeyrinə olar” Bu fikirlərə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovdan reaksiya gəldi. O qeyd etdi ki, deputat həmkarı Q.Həsənquliyevin dediklərindən fərqli olaraq, ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil: “Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamankı hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu. Yəqin ki, Surət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu öndər xalqın ən ağır vəziyyətində onun yanında olub” . Deputat Rəşad Mahmudov vacib bir məsələyə toxundu. Bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ümumi daxili məhsulun 5 faizindən daha aşağı büdcəsi olan səhiyyənin xidmətinin keyfiyyətindən söhbət gedə bilməz. “Postsovet ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının bu tövsiyəsinə hələ də əməl olunmur. Postsovet ölkələrinin vətəndaşları hələ də sağlamlığı ilə bağlı Avropa ölkələrinə üz tutur”-deyən kardioloq bu sahəyə diqqət yetirilməsini vacib saydı. Deputatlar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsini də müzakirə etdi. Komitə sədri Əli Hüseynli 2018-ci ildə müstəqil Azərbaycan dövlətinin 100 illiyinin qeyd olunacağını, bununla bağlı prezident sərəncamının imzalandığını vurğuladı. Həmçinin Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar qanun layihəsinin prezident tərəfindən göndərildiyini bildirdi. Qeyd etdi ki, orden və medallarda Azərbaycan dövlətçiliyinin atributları və Milli Ordumuzla əlaqədar atributlar öz əksini tapıb. Orden - medalların Azərbaycan ordusundan ehtiyata buraxılmış, həmçinin Silahlı Qüvvələrdə xidmət edən hərbçilərimizə verilməsi nəzərdə tutulur. “Cənubi Qafqazda bölgənin İsveçrəsi olmaz mümkün deyil, burada ordu saxlamamaq mümkünsüzdür”.
Bu fikri isə deputat Zahid Oruc söylədi. Ardınca deputat bildirdi ki, Azərbaycanın dəyərli generallarından Ə.Şıxlinski və S.Mehmandarovun adlarına orden və medalların olması, bu orden və medalları daşıyan hər kəsə qürur verərdi: “Bir müddət öncə biz Şirin Mirzəyevlə bağlı bir tədbirə qatılmışdıq, çox qürurlu anlar yaşadıq. Biz Qarabağ savaşında məğlub olmuşuq deyə, öz qəhrəmanlarımızdan imtina etməməliyik”. Səsvermə ilə Azərbaycan ordusunun 100 illiyi ilə bağlı orden və medallar təsis olunması barədə prezidentin təqdim etdiyi qanun layihəsi qəbul olundu. Ardınca səs-küylü layihələrdən biri - “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov ilk oxunuşdan sonra onun adından guya qanun layihəsinin əleyhinə olması barədə mətbuatda yazılanlara etiraz etdi. O bildirdi ki, bu, referendumdan irəli gələn qanun layihəsidir, sadəcə, onun yumşaldılmasını, yenidən işlənməsini zəruri sayıb. Komitə sədri Əli Hüseynli də onun fikirlərini təsdiqlədi: “Bu layihə ancaq deputatların etik davranışını müəyyən edir, bu kateqoriyaya aid olmayan məsələlər isə layihədən çıxarılıb. Hədiyyələrlə bağlı layihədəki maddə müzakirələrə səbəb olduğundan ona da düzəliş edilib”. Yenidən söz alan deputat Qüdrət Həsənquliyev spikerə xüsusi təşəkkür etdi: “Oqtay müəllim, sizin tövsiyələrinizlə qanun layihəsi xeyli yüngülləşdirilib. Ona görə də biz üçüncü oxunuşda da qanun layihəsini qəbul edə bilərik” Daha sonra Q.Həsənquliev deputatlara və məmurlara yaltaqlığın qadağan olunması ilə bağlı maraqlı fikirlər səsləndirdi: “Bizdə hansısa məmur rəhbərə yaltaqlanmaq üçün deyir ki, Azərbaycanda bir kişi var. Ola bilər ki, o, özünü kişi saymır, özü bilər. Ancaq biz hamımız özümüzü kişi hesab edirik. Bizim ölkəni təhlükələrdən qoruyan generallımız, kişilərimiz var. Bu, yaltaqlığın ən iyrənc formasıdır. Bu adam fikirləşmir ki, evə gedəndə uşaq ondan soruşa bilər ki, bəs sən özün kimsən? Bunu deməkdə məqsədim var, bizim məmurlar yaltaqlananda heç olmasa bilsinlər ki, hansı formada yaltaqlanmaq lazımdır. Ona görə də biz açıq formada yaza bilərik ki, deputat yaltaq olmamalıdır”. Q.Həsənquliyev məmurun “mən yaramaz rüşvətxoram” etirafını da dilə gətirdiyini xatırlatdı, belələrinin cəzalandırılmalı olduğunu bildirdi. Spiker maraqlı reaksiya verdi: “Sənin ürəyin doludur, bilirəm haradan gəlir, amma yaltaqlığın şkalasını göstər, qırmızı, yaşıl, sarı, biz də baxaq”. Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul olundu. Bundan sonra spiker Oqtay Əsədov sessiyanı bağlı elan etdi, ancaq deputatların 15 iyuladək işləyəcəyini bildirdi. Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatdı./musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?