Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü başlayıb. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edir.
Nazirlər üç ölkə arasında əməkdaşlığın perspektivlərini və digər aktual məsələləri müzakirə edəcəklər.
Görüşdən sonra XİN başçılarının birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib. Bunun ardınca həmin ilin iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin o zamankı dövlət başçısı Abdulla Gül və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.
2015-ci il yanvarın 29-da Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.
2015-ci il avqustun 28-də Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 2015-ci il oktyabrın 9-da Azərbaycan, Türkiyə və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib./virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?