Kim Çen İn-in silahlı qüvvələri dünyada hərbçi sayına görə 5-cidir
ABŞ və Şimali Koreya arasında müharibə çağırışları yenidən artıb. Şimali Koreya rəhbərliyinin ardıcıl raket sınaqları Vaşinqtonu qəzəbləndirir və qarşılıqlı təhdid bəyanatlarına səbəb olur. Pxenyan liderinin ABŞ ən böyük dəniz bazalarından birinin yerləşdiyi Quam adalarını hədəf göstərməsi müharibə haqqında proqnozları artırır.
Təhdidkar çıxışları ilə tanınan ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya “əsaslı, iri münaqişə də” mümkündür. Son olaraq Koreya lideri Quam adasına raket zərbələrini təxirə salsa da, ABŞ ordusu bölgədə yeni irimiqyaslı təlimlərə başlayıb. Bu isə gərginliyin davam etdiyinə işarədir.
Dünya mediasının diqqəti Şimali Koreya üzərinə cəmlənib. Kommunist rejimli ölkə dünyanın ən nəhəng iqtisadiyyatına, ən güclü və modern ordusuna malik ölkəsinə qarşı dayanıb.
Hərbi büdcəsi 612 milyard dollar təşkil edən ABŞ öz silahlı qüvvələrinın gücü ilə dünya birincisidir. ABŞ-ın hərbi gücünün ən böyük simvolu 19 təyyarədaşıyan gəmidir. Yeri gəlmişkən, ABŞ ordusunun dəniz qüvvələrinin Sakit Okean regionunda 4 təyyarə daşıyan gəmisi var.
ABŞ-a qarşı duran Şimali Koreyanın hərbi qüvvələri isə sayına və gücünə görə heç də geri qalmır. Yeri gəlmişkən, Şimali Koreya Cənubi Koreya, Yaponiyaya, Quam adaları və son olaraq ötən ay keçirilən manevrlərdən sonra bəyan edib ki, ABŞ-ın özünü vuracaq raketlərə sahibdir. İyulun 4-də Şimali Koreya qitələrarası raket sınağı keçirib. Sınağın uğurlu olduğu, “Hwasong-14" raketinin ”dünyanın istənilən nöqtəsini vura biləcəyini" bildirilib. BBC-nin məlumatına görə, ABŞ ekspertləri bu raketlərin imkanlarının deyildiyi qədər olmadığını, amma ABŞ-ın Alyaska ştatını vura biləcəyini qeyd edirlər. Şimali Koreya bundan 5 il əvvəl 2012-ci ildə “KN-08" və ”KN-14" adlı qitələrarası raketlərin sınağını keçirib.
Şimali Koreya 1984-cü ildə raket sınaqlarına start verib, 2006-cı ildə isə “nüvə dövləti” olduğunu elan edib. Pxenyanın nümayiş etdirdiyi yük maşınına yerləşdirilmiş “KN-08" raketləri 3 mərhələli uçuş həyata keçirərək 11 500 km məsafəni vura bilmək qabiliyyətindədir. ”KN-14" raketləri isə 10 min km məsafəni vura bilir. Ancaq bu raketlər hələlik sınaqdan keçirilməyib. İki gün əvvəl sınaqdan keçirilən “Hwasong-14" raketlərinin imkanları dəqiq bilinmir. Ümumilikdə Şimali Koreyanın 100 ədədə yaxın qitələrarası ballistik raketinin olduğu və 10 ilə 30 arası nüvə başlığına sahib olduğu ehtimal olunur. Ancaq bütün bunlar ehtimaldır, dəqiq rəqəmlər mövcud deyil.
23 milyon əhalisi olan Şimali Koreya adambaşına düşən milli gəlirə görə dünyanın ən kasıb ölkələrindən biri hesab olunur. Orta hesabla adambaşına 1300 dollar gəlir olan Şimali Koreyanın 1 milyon 106 min nəfərlik ordusu var. Bu ordu canlı qüvvə sayına görə dünyada 5-cidir. Bundan başqa Şimali Koreyanın ümumi orduya yararlı şəxslərin sayı 10 milyon nəfər, ehtiyat qüvvələrin sayı isə 6,3 milyon nəfərdir. Şimali Koreya ümumilli gəlirin 20 faizinə qədərini hərbiyə xərcləyir. Ölkənin hərbi büdcəsi 7,5 milyard dollar təşkil edir. ABŞ ordusu ilə müqayisədə çox cüzi rəqəm kimi görünsə də, əməkhaqlarının cüzi olduğu Koreya üçün ciddi rəqəmdir.
Ölkənin hərbi sənaye kompleksi var. Burada mövcud olan 180 hərbi zavodda ildə 200 min Kalaşnikov avtomatı, 3 min ağır silah, 200 tank, 400 zirehli və amfibiya (suda və quruda hərəkət edən - K.R) maşın istehsal olunur.
Şimali Koreyanın hərbi qüvvələri quru, dəniz və hava güclərindən ibarətdir. Kim Çen İn-in ordusunda 40 sualtı qayıq, 13 hərbi döyüş gəmisi, 6 minadaşıyan və digər gəmilərə malikdir. Bəzi mənbələr Şimali Koreya dəniz qüvvələrinin kiçik gəmilər də daxil olmaqla 900-ə yaxın hərbi gəmilərinin olduğunu qeyd edir.
Şimali Koreya ordusunun hərbi hava qüvvələrində 1852 ədəd təyyarə var. Pxenyanın hərbi hava qüvvələrinin əsas hissəsini SSRİ istehsalı olan MİQ-29 təyyarələri təşkil edir. Bundan başqa hava qüvvələrində sovet istehsalı MİQ-17, MİQ-19 və MİQ-21-lər də var.
Koreya ordusunda 4 mindən çox döyüş tankı mövcuddur. Bunlar əsasən sovet istehsalı T-55 və T-62 tanklarıdır. Bundan başqa yerli istehsal olan K-1 tankları da Koreya ordusunun tank qoşunlarına daxildir. Zirehli transportyor və piyada döyüş maşınlarının sayı 4 mindən çoxdur. Bunların böyük qismi sovet istehsalıdır.
Şimali Koreya ordusunun əsas zərbə qüvvələrindən biri də artilleriyadır. Ordunun 17 min, bəzi mənbələrə görə 21 min artilleriya qurğusu var. Bunların əsas hissəsini 170 mm-lik “Kokosan” özüyeriyən artilleriya qurğuları, 2,4 min ədəd reaktiv yaylım atəşi sistemləri və sair mövcuddur. Bunların sırasında 10 min ədəd tank əleyhinə raket sistemləri var.
Kim Çen İn hakimiyyətinin 100 gün ərzində savaşmaq üçün yanacaq, silah-sursat və ərzaq ehtiyatına sahib olduğu güman edilir. Göründüyü kimi, raket, hava və uzaq mənzilli raketlərin sayına görə ABŞ-dan çox geridə olsa da, yüngül silahlar və quru. Eləcə də dəniz qüvvələrinə görə Şimali Koreya heç də zəif rəqib deyil. ABŞ hərbi müdaxilə edəcəyi təqdirdə ciddi müqavimətlə üzləşə bilər. Yeri gəlmişkən, hazırda Şimali Koreyanın əsas təhlükəsi Yaponiya və Cənubi Koreyaya qarşıdır. Əgər müharibə olarsa, iki Koreya arasında 70 il əvvəl baş vermiş qanlı qırğınlar yenidən və amansızcasına təkrar ola bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?