Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı bu gün qardaş Türkiyənin öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəlilədiyini vurğulayır. Prezident qeyd edir ki, dünyada və regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Türkiyəyə ən mötəbər beynəlxalq təşkilatların toplantılarını, yüksək zirvə görüşlərini keçirməyə imkan verir. Ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Türkiyənin Azərbaycanı bu forumlara dəvəti əsl qardaşlıq nümunəsidir.
Prezident İlham Əliyev əminliklə bildirir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Dövlət başçısı türkiyəli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyir.
Prezident İlham Əliyev milli bayram münasibətilə Baş nazir Binəli Yıldırıma da məktub göndərib. Məktubda bildirilir ki, bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.
Dövlət başçısı inandığını bildirir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.
Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırıma möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?