Iraqda, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə əlaqədə şübhəli bilinən 200 Azərbaycanlı qadın saxlanılıb. Bunu İraq parlamentinin deputatı Vian Dahkli öz Twitter hesabında yazıb. Parlament üzvü iddia edib ki, İraq həbçilərinin saxladığı qadınlardan 200-ü azərbaycanlıdır.
"İraqda azərbaycanlı qadınların olması barədə, bəli, məlumatlar var", Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib. "Ancaq say barədə dəqiq nəsə deməyə çətinlik çəkirəm, çünki araşdlırma və dəqiqləşdirmələr aparılır". Hikmət Hacıyev deyir ki, qadınlar İraqda aparılan hərbi əməliyyatlar zamanı saxlanıb: "Onlar müəyyən şərtlərdə saxlanıblar". Qadınların şəxsiyyətinin bəlli olub-olmaması ilə bağlı suala gəlincə, Hikmət Hacıyev deyir ki, Azərbaycanın İraqdakı səfirliyi hazırda "İraqın dövlət qurumları ilə təmasdadır": "İraqdakı səfirliyimiz hazırda faktları araşdırır. Biz birinci müəyyənləşdirməliyik ki, həqiqətənmi onlar Azərbaycan vətəndaşlarıdı, ya yox. Bunlar dəqiqləşəndən sonra təbii ki, müəyyən qərarlar qəbul olunacaq". Bundan əvvəl, İraqda aparılan hərbi əməliyyatlar zamanı saxlananlar arasında bir azərbaycanlı uşağın olduğu bildirilmiş və onun Azərbaycanda babası və digər qohumları müəyyənləşdirilmişdi, Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi. Dövlət Təhükəsizlik Xidmətinin rəisi Mədət Quliyev sentyabrda açıqlamışdı ki, "ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub" və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. 2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?