Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb.
gundemxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır:
“Görüş əsnasında təklif olundu ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir”.
Qeyd edək ki, bu gün XİN rəhbəri E.Məmmədyarov Moskvada ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?