"Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək". Bu barədə prezident İlham Əliyev yanvarın 15-də Bolqarıstan baş naziri Boyko Borisovla görüşdən sonra mətbuata bəyanatında bildirib.
İ.Əliyev deyib ki, əlaqələrin müxtəlif aspektləri müzakirə edilib və uğurlu əməkdaşlığın bundan sonra da davam etməsi təsdqilənib: “İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil”.
Dövlət başçısı qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılması barədə konkret göstərişlər verildiyini, qarşılıqlı sərmayə qoyuluşu istiqamətində də işlər görüləcəyini bildirib.
İ.Əliyev B.Borisova Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı barədə məlumat verdiyini, bu yolun məsafə baxımından Avropa və Asiya arasında ən qısa yol olduğunu vurğulayıb: “Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün", - dövlət başçısı qeyd edib.
Prezident yanvarın 16-da Azərbaycanın “Buta Airveys” şirkətinin Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcəyini diqqətə çatdırıb: "Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir, Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək”.
Dövlət başçısı humanitar sahədə də əməkdaşlığın dərinləşdirildiyini vurğulayıb.
İ.Əliyev Bolqarıstanın Avropa İttifaqına (Aİ) bu il sədrlik edəcəyini də xatırladıb və Bolqarıstanın sədrliyi dövründə Aİ-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacağını, xüsusilə hazırda Aİ ilə yeni saziş üzərində iş aparıldığını və danışıqların çox uğurla davam etdiyini söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?