Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin nəzarətində olan beynəlxalq birlik tərəfindən tanınmayan Dağlıq Qarabağın "parlament"inin rəhbərinin Fransaya səfərinə etiraz edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəıhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar Azərbaycan kəskin etirazını ifadə edir.
Azərbaycan Xarici İşlər Nazirliyi təəssüflə qeyd edir ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olması Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.
“Bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır”, Hacıyev qeyd edib.
Xarici İşlər Nazirliyi qeyd edir ki, Fransanın mərkəzi hökumətinin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsi müşahidə edilmir.
“Bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqe nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir”, məlumatda bildirlir.
Azərbaycan xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırır.
Azərbaycanın Fransadakı səfirliyi Fransa Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim edəcək.
“Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”, mətbuat katibi qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?