Bakıda NATO ilə əməkdaşlıq çərçivəsində ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü başlayıb.
Görüşün əsas mövzuları hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyidir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mayın 18-nə qədər davam edəcək tədbirdə 13 ölkədən 24 arxa cəbhə eksperti iştirak edir.
Ekspert qrupunun görüşünün əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.
Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini Azərbaycanın "Sülh Naminə Tərəfdaşlıq" Proqramında iştirakı çərçivəsində hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.
2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.
Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.
Rəsmi Bakı isə bunu balanslaşdırılmış siyasətlə izah edir.
Azərbaycan Qoşulmama Hərəkatında iştirak edir, bu da hərbi bloklara üzvlüyü istisna edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?