İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Bakıda səfərdədir.
Baş nazir Novruz Məmmədovla İran Prezident Aparatının rəhbəri Mahmud Vaezinin görüşündə iqtisadi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Baş nazir son zamanlar Azərbaycan ilə İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini söyləyib.
“Son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur. Bütün dünyada qeyri-sabitliyin mövcud olduğu hazırkı dövrdə bu, təqdirəlayiqdir”, Məmmədov qeyd edib.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Xəzər” avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.
Mahmud Vaezi isə bildirib ki, iki ölkəl arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var.
“Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşıb. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə, bu, hər iki xalqın xeyrinədir”, İran Prezidenti Aparatının rəhbəri qeyd edib.
Mahmud Vaezinin prezident İlham Əliyev və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşləri də nəzərdə tutulur./AzərTac
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?