“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”.
Bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, 1993-cü ildə AXC-Müsavat hakimiyyətində problemdən istifadə edərək Ermənistan torpaqlarımızı işğal edib: “Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. BMT və digər beynəlxalq təşkilatlar bununla bağlı bir çox qərar və qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr indi də qüvvədədir".
Ali Baş Komandan qeyd edib ki, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib: “600-dən çox qoca, uşaq, qadın qətlə yetirilib, 1000-dən çox insan itkin düşüb. Bu gün 10 ölkə Xocalı soyqırımı rəsmən tanıyıb. Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.
Dövlət başçısı nəzərə çatdırıb ki, son illər onlarda hərbi şəhərcik yaradılb: “Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Biz artıq əsgərləri məişət işlərindən azad etmişik”./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?