Prezident İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar.
gundemxeber.az nekroloqun mətnini təqdim edir:
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində vəfat edib.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurmuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirmişdir. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırmışdır. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət etmiş, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilmişdir. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirmişdir.
Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olmuşdur.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.
Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?