Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.
Səfir Berqlind Asqeyrsdottir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Xanım Berqlind Asqeyrsdottir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Berqlind Asqeyrsdottirin ölkəmizdə mütəmadi olaraq müvafiq qurumların rəhbərləri ilə görüşəcəyinə və iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq qurumlarda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Eyni zamanda dövlət başçısı ticarət və turizm sahələrində də əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayaraq İslandiyanın və Azərbaycanın gözəl turizm məkanlarının olmasının bunun üçün yaxşı imkan yaratdığını deyib.
Səfir Berqlind Asqeyrsdottir paytaxtımıza gəlişindən məmnunluğunu bildirərək qeyd edib ki, Bakı çox füsunkar və cazibədar bir şəhərdir. Səfir paytaxtımızın arxitekturasının onda çox dərin təəssürat yaratdığını deyib. Diplomat futbol üzrə İslandiya milli komandasının qapıçısı Hannes Tur Halldorssonun Azərbaycanın “Qarabağ” klubuna keçdiyini vurğulayaraq bu qapıçının dünya çempionatında məşhurlaşdığını qeyd edib və bildirib ki, onun “Qarabağ” komandasına keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq doğurub.
Səfir Berqlind Asqeyrsdottir ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edərək müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnaməsini qəbul edib./Report
Sorğu
Yeni dizaynımız necədir?