Almaniyanın federal kansleri Angela Merkelin Güney Qafqazın üç ölkəsinə səfəri başa çatdı. Bu, təkcə Merkelin yox, bütövlükdə Almaniya liderinin bölgəyə ilk səfəri kimi yadda qaldı. Ümid edək ki, bu ziyarət dünyanın dördüncü iqtisadi nəhəngi Almaniyanın bölgəyə yönəlik siyasətinin güclənməsinə gətirəcək və yekun etibarilə biz Merkelin də bəyan elədiyi kimi, rəsmi Berlinin regionda tüstülənən etnik-ərazi konfliktlərinin həllinə ciddi töhfə verməsinin şahidi olacağıq.
Bu xüsusda kanslerin səfəri bir sıra mühüm mesajlarla diqqət çəkdi. Lakin əfsuslar olsun ki, səfər ziddiyyətli məqamlardan da xali olmadı. Məsələn, təqdiredicidir ki, Angela Merkel İrəvanda saxta soyqırım abidəsini ziyarət edib əklil qoysa da, “soyqırım” demədi. Halbuki iki il öncə Almaniya Bundestaqı uydurma genosidi tanıyan sənəd qəbul eləmişdi və Merkel dövlətin mövqeyini ifadə edən həmin sənədə uyğun bəyanat verə bilərdi.
Digər mühüm ştrix odur ki, Angela Merkel İrəvandan öncəki Tiflis səfəri zamanı ölkəsinin birmənalı şəkildə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirdi, “işğalçı rus qoşunları Abxaziya və Cənubi Osetiyadan çıxmalıdır” söylədi, lakin Bakıda ölkəmizin ərazi bütövlüyü və suverenliyinə eyni sayğını göstərmədi, “işğal” sözünü işlətmədi.
Hərçənd Tiflisdəki məlum açıqlamasından sonra məntiq diktə edirdi ki, Merkel ərazisinin 20%-i işğal altında olan Azərbaycana qarşı da adekvat mövqe ortaya qoysun. Çünki Gürcüstan torpaqları rus qoşunları tərəfindən işğal olunubsa, Azərbaycan ərazilərində də 30 ildir erməni işğalçı qüvvələri mövcuddur – bu, fakt BMT-nin Qarabağa dair 4 qətnaməsində də əksini tapıb. Abxaziya və Cənubi Osetiya ilə bağlı isə Rusiyanın işğalçı olduğunu göstərən analoji qətnamələr yoxdur.
Merkel isə Bakıda şablon, ümumi ifadələr işlətməklə kifayətləndi. Dağlıq Qarabağ məsələsi “ətrafında” var-gəl elədi. Müxtəsəri, “Nuh” dedi, “peyğəmbər” demədi. “Belə ikili standart” yanaşması, bir az da xristian təəssübkeşliyi isə təəssüf doğurmaya bilməz. Hər halda Qarabağ məsələsində Azərbaycan Almaniyanın obyektivliyinə inandığı ən iri Avropa ölkəsidir. Bu mövqe Almaniyanın üzvü olduğu Avropa Birliyinin Qarabağla bağlı sənədlərində də əks olunub.
Bundan əlavə, İrəvanda baş nazir Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında Merkel “Almaniya problemin dinc atmosferdə həllində Ermənistana dəstək verəcək” dedi. Bu da ən azından ziddiyyətli bəyanatdır. Çünki Ermənistan problemin dinc həlli dedikdə Dağlıq Qarabağın ya “müstəqil dövlət” olmasını, ya da Ermənistana birləşdirilməsini nəzərdə tutur.
İşğalçı ölkənin yeni rəhbəri Nikol Paşinyan da istisna olmadı. Öz oğlunu nümayişkaranə şəkildə işğal altındakı Dağlıq Qarabağa hərbi xidmətə yollayan, separatçı rejimi birbaşa danışıqlara qoşmaq kimi absurd tələb irəli sürən Paşinyan hökumətinin ədalətli sülhü deyil, müharibəni daha da yaxınlaşdırdığını gərək ki, təcrübəli siyasətçi kimi Merkel də bilməmiş deyil.
Merkelin bölgə ziyarəti ilə bağlı yadda qalan üçüncü mühüm detal onun Azərbaycan-türk xalqlarına qarşı soyqırım və terror siyasətinin mənəvi-ideoloji mərkəzi sayılan Eçmiədzinə getməsi, orada katolikos II Qareginlə görüşməsi, sonuncunun antitürk sayıqlamalarına və iftiralarına, o sırada Qarabağ nağıllarına qulaq asması oldu.
Belə ki, erməni mediasının yazdığına görə, görüş zamanı katolikos saxta soyqırımını tanıdığı üçün alman xalqına təşəkkür edib, tərəflər Dağlıq Qarabağ məsələsini də müzakirə ediblər. Katolikos son vaxtlar “Azərbaycan tərəfinin münaqişənin dinc həllini təhlükə altına alan davakar bəyanatlarından və ermənilərə qarşı nifrət yaratmasından narahatlığını Merkelin diqqətinə çatdırıb”. Bundan əlavə, o, kanslerə guya Azərbaycan ərazilərində erməni-tarixi və mənəvi dəyərlərinin ardıcıl və məqsədli şəkildə məhv edilməsindən bəhs edən təxribatçı kitab hədiyyə edib. Erməni qaynaqları yazır ki, Merkel “bu problemlərin həlli üçün də əlindən gələni edəcəyinə” söz verib.
Yenə məntiq diktə edir ki, xanım Merkel heç olmasa, özünün gizli xristian təəssübkeşi olduğunu gizlətmək üçün (kansler Almaniya Xristian-Demokrat Partiyasını təmsil edir) və Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olduğunu nəzərə alıb Bakıda da QMİ sədri Hacı Allahşükür Paşadə ilə də bir araya gələydi. Fəqət, buna o, lüzum görmədi...
Ümumiyyətlə, Almaniya kansleri Tiflisdə və İrəvanda bir gecə qalsa da, Bakıda bunu tərcih eləmədi: tez gəlib tez də getdi. Yəni vaxt etibarilə ən az Azərbaycanda qaldı. Hərçənd, Merkel Bakıda “Azərbaycan regionda bizim ən böyük iqtisadi-ticari tərəfdaşımızdır” dedi. Avropa və Almaniya üçün “izqoy” Ermənistandan fərqli olaraq, böyük energetik önəm daşıyan Azərbaycan, ən böyük tərəfdaş belə münasibətə layiqmi?..
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?