“İlkin təəssürat ondan ibarətdir ki, Ermənistanın baş naziri özünün adlandırdığı “Məxmər inqilabı”nın hələ də təsiri altındadır, populist və olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və Yerevan küçələri ilə səhv salıb”. Bu barədə BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyətinin bəyanatında deyilir.
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz. Onun fikrincə Dağılıq Qarabağın Azərbaycanın tərkibində olması yeni “erməni soyqırımı” deməkdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı sənəddə deyilir ki, Ermənistan baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması, onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhddir.
“Ermənistan Dağlıq Qarabağı, ətraf yeddi rayonu və bəzi eksklavlar da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini zəbt etmək və orada özünə tabe olan kiçik irqçi rejim qurmaq üçün hərbi qüvvədən istifadə edib. Ermənistanın başladığı müharibə on minlərlə insanın həyatına bais olub, şəhərləri, rayonları, kəndləri viran qoyub, bir milyondan çox azərbaycanlının öz doğma evlərindən və mülklərindən zor gücü ilə qovulması ilə nəticələnib, hələ də minlərlə insan münaqişə ilə bağlı itkin düşüb”, sənəddə qeyd edilir.
Azərbaycan nümayəndə heyəti bildirir ki, Ermənistan baş nazirinin bəyanatında müşahidə edilən iddia və yanlış yozmaların Birləşmiş Millətlər Təşkilatında səslənməsi, xüsusilə heyrət doğurur.
“Ermənistanın ərazi iddiaları və güc tətbiqinə cavab olaraq, Təhlükəsizlik Şurası bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tələb etdi ki, işğalçı qüvvələr dərhal, tamamilə və qeyd-şərtsiz bütün işğal olunmuş torpaqlardan çıxsınlar.
Başqa sözlə, Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycana qarşı hərbi qüvvə tətbiq olunması faktını, bu hərəkətlərin qanunsuz olduğunu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə ziddiyyət təşkil etdiyini və beynəlxalq münasibətlərdə silahlı qüvvədən istifadənin qadağan olunmasına uyğun gəlmədiyini, onların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu etiraf etdi”, sənəddə qeyd edilir.
Bəyanatda qeyd edilir ki, Ermənistan baş nazirnin erməni xalqına qarşı yeni mifik soyqırım təhlükəsi haqqında iddiaları növbəti yalanın göstəricisidir.
“Sadəcə onu qeyd etmək yetərlidir ki, həm öz, həm də işğal etdiyi Azərbaycan torpaqlarında bütün qeyri-ermənilərdən tam etnik təmizləmə həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan bu günədək etnik və mədəni müxtəlifliyini qoruyub saxlamış, paytaxt Bakı şəhəri və ölkənin digər bölgələrində sülh, harmoniya və şərəflə həyat sürən on minlərlə erməninin evidir”.
Azərbaycan nümayəndə heyəti bildirir ki, Ermənistan rəhbərliyinin demokratiya, insan hüquqları və münaqişənin sülh yolu ilə həlli bəyanatları cəfəngiyyatdır.
“Bu bəyanatlar Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi didərgin düşmüş azərbaycanlıların şərəf və ləyaqətlə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərindəki evlərinə və mülklərinə geri qayıtmasının təmin edilməsinə gətirən əsl fəaliyyətə çevrilməyənədək boş söz olaraq qalacaq”.
Azərbaycan bəyan edir ki, Azərbaycanın konstitusional və hüquqi çərçivəsi daxilində Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının bərabər və tam iştirakı ilə digər məsələlərin cavablandırılması üçün lazımı şərtləri yaradacaq.
“Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və belə olaraq qalacaqdır. Azərbaycan torpaqlarının hərbi işğalı müvəqqətidir və heç vaxt Ermənistan tərəfindən arzu edilən nəticələri verməyəcək. Yerevan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə əməl etməlidir”, Azərbaycanın bəyanatında qeyd edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?