Bir vaxtlar Sovet İttifaqının damı altında yaşayan respublikaların liderləri rəsmi görüşlər çərçivəsindən kənarda bir-birləri ilə söhbət etdikdə adətən təbii gülüş səsi eşidilir. Ortaq keçmişə malik bu liderlərin rus dilini bilməsi onların ünsiyyətini xeyli asanlaşdırır. “Medya Günlüğü” portalında dərc edilən məqalədə Fuad Səfərov yazır.
Prezident Rəcəb Tayyip Ərdoğan onlara qoşulanda ortaya qəribə mənzərə çıxır. Çünki söhbət rus dilində davam edir, Ərdoğan rusca bilməsə də ona “Xızır” kimi yetişən bir nəfər meydana çıxır. O, Azərbaycan prezidenti İlham Əliyev olur.
Həm rus, həm türk dilini çox yaxşı bilən Əliyev bu cür hallarda Ərdoğana könüllü olaraq “tərcüməçilik” edir. Məsələn, 10 oktyabr 2016-cı ildə İstanbulda baş tutan 23-cü Dünya Enerji Konqresində Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edib. Putin “təyyarə böhranından” sonra ilk dəfə Rusiya və Türkiyə arasında yenicə barışığın əldə edildiyi bir vaxtda Türkiyəyə səfər edib. Konqresin başlamasına sayılı dəqiqələr qalmış Ərdoğan, Putin və Əliyev birinci cərgədə, tərcüməçilər və mühafizəçilər isə arxa cərgədə oturublar. Hər üç lider öz aralarında həyəcanla söybət edib, gülüblər. Ərdoğan ortada oturan Putinə nəsə deyib, Əliyev isə tərcümə edib.
Analoji mənzərə cari ilin sentyabr ayında Qırğızıstanda keçirilən Türk Şurası Dövlətlərinin 6-cı sammitində də yaşanıb. Ərdoğan Mərkəzi Asiya ölkələrinin liderlərinin qoluna girib, onlarla söhbət edərkən Əliyev yenə könüllü tərcüməçi qismində çıxış edib.
Amma ən maraqlı hadisə 2008-ci ilin iyul ayı Qazaxıstanın paytaxtı Astanada baş verib. Paytaxtın Astanaya dəyişdirilməsinin 10 illiyi münasibətilə keçirilən mərasim çərçivəsində Əliyev və həmin vaxt Ermənistan lideri Serj Sarkisyanın qollarına girərək bir müddət gəzişən Türkiyənin o vaxtkı prezidenti Abdullah Gülə İlham Əliyev tərcüməçilik edib. Əliyev söhbətə qoşulanda Sarkisyan “mən türkcə bilirəm” deyərək sözə başlayıb. Amma türk dili bilgisi kifayət etmədiyi üçün Əliyev tərcümə etməyə davam edib.
2008-ci ilin sentyabrında “Milliyet” qəzetinin Moskvadakı keçmiş müxbiri Cenk Başlamış İrəvanda Sarkisyandan müsahibə alan zaman yuxarıdakı hadisəni xatırlayıb: “Prezident Güllə söhbət edərkən siyasətdən kənar mövzulara toxunmaq imkanınız oldumu? Məsələn, prezident İrəvanla bağlı təəssüratlarını bölüşdümü? Sizə erməni dilində hər hansı söz dedimi, ya da bəlkə siz ona türkcə nəsə söyləmisiniz”.
Sarkisyan uzun-uzun güldükdən sonra belə cavab verib: “Xeyr, cənab prezidentlə başqa mövzuları müzakirə etmək fürsətimiz olmadı. Cənab Gülün ermənicə bildiyini düşünmürəm. Nədənsə mənim Azərbaycan dilində danışmağımla bağlı bir əfsanə var! Bəli, bir vaxtlar sadə danışıq səviyyəsində azərbaycanca bilirdim. Bilirəm ki, türk və azərbaycan dili bir-birinə yaxındır. Amma 20 ildir azərbaycanca danışmıram. Yəni, hazırda məntiqli bir cümlə qura biləcək vəziyyətdə deyiləm!"/sozcu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?