Düşmən ölkə seçkiləri adladı, problemləri isə bir az da artdı; yeni ilin ilk aylarındaca Paşinyanı ağır sınaqlar gözləyir, çünki...
Üstündən bir həftədən çox keçsə də, Rusiya prezidenti Vladimir Putin Paşinyanı seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etməyib. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərindən belə anlaşıldı ki, ümumiyyətlə, Kremldən təbrik gözlənilmir. Yalnız XİN tərəfindən rəsmi İrəvana formal məzmunlu məktub ünvanlana bilər.
Ermənistanın “müstəqillik” tarixində keçirilmiş seçkilərə Rusiya tərəfdən belə ən aşağı səviyyəli reaksiya hələ olmamışdı. O da diqqətçəkicidir ki, Rusiyanın da daxil olduğu, son vaxtlar İrəvanın kaprizləri üzündən daxili gərginlik yaşanan KTMT-nin üzv dövlətlərinin heç biri Paşinyana təbrik göndərməyib. Ancaq Putin 2017-ci ilin aprel parlament seçkilərində o vaxtkı prezident Serj Sərkisyanı partiyasının qələbəsi münasibətilə təbrik eləmişdi.
Fərq ortada. Bu, Putinin, ümumən Rusiya rəhbərliyinin Nikol Paşinyan və komandasına qəzəbli münasibətinin bariz təzahürüdür. Eyni zamanda, ikitərəfli əlaqələrdə yeni bir mərhələnin başlanmasının anonsudur. Hansı mərhələnin? Bir az sonra biləcəyik. Dəqiq olan odur ki, Ermənistanda seçki bitsə də, Paşinyan legitimlik qazanıb öz yerini bərkitsə də, ölkənin problemləri faktiki, çoxalıb.
Şübhə yox ki, Putinin dostu, ad günündə şəxsən zəng edib təbrik elədiyi eks-prezident Robert Köçəryanın seçkiyə iki gün qalmış təzədən həbs olunması Kremlin qəzəbini daha da artırıb. Bu qəzəb, yəqin ki, Paşinyana yalnızca quru təbrikin çox görülməsi ilə bitməyəcək, həmçinin Moskvanın Ermənistana münasibətlərində hansısa formada “maddiləşəcək”.
*****
Məsələn, artıq soyuq qış qapını kəsdirib. Rusiya ilə Ermənistan arasında imzalanmış qaz müqaviləsinin müddəti isə iki həftə sonra - dekabrın sonunda bitir və yenilənməlidir. Rusiya işğalçı ölkəyə daxili bazar qiymətinə satdığı qazın (min kub metr üçün 150 dollar) qiymətinə təzədən baxmağa hazırlaşır. İrəvan isə qiymətin heç olmasa, indiki səviyyədə, yəni Rusiyanın cənub bölgəsinin əhalisinin aldığı qiymətdə qalmasına çalışır, hətta bundan da ucuz olmasını istəyir.
Məlumdur ki, təbii qaz isə əsas enerji daşıyıcılarından biridir və gündəlik tələbat məhsullarının qiymətinə birbaşa təsiri var. Üstəlik, Rusiya Ermənistanın qaz təchizatında monopolist dövlətdir, işğalçı ölkənin energetik infrastrukturu da Moskvanın nəzarətindədir. Siyasi, hərbi asılılıq da öz yerində. Bundan əlavə, Ermənistanın Rusiyaya xeyli kredit borcu var. Qonşu İran isə enerji bazarda ciddi paya malik deyil. İrəvan istəsə belə, qaz alıcısını Rusiyadan İrana dəyişə bilməz. Yəni tam vassal asılılığı.
Xəbər verdiyimiz kimi, dekabrın 6-da Sankt-Peterburqda Paşinyan Putinlə qazın qiyməti ilə bağlı da müzakirə aparıb. Lakin Ermənistan üçün müsbət nəticə əldə edə bilməyib. Peterburq görüşündən sonra isə parlament seçkiləri keçirilib, seçkilərdə Paşinyanın bloku qalib gəlib, Köçəryanın həbsi baş verib. Başqa sözlə, qaz məsələsi ətrafında situasiya indi 6 dekabrdan öncəkindən daha kritikdir. Moskva İrəvana indi daha qəzəblidir. Hələlik isə ermənilər təsəlli ilə yaşayırlar.
“Rusiya danışıqlar bitənədək Ermənistan üçün qazın qiymətini dəyişməyəcək. Ona kimi köhnə müqavilə qüvvədə qalacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistanın energetik infrastruktur və təbii resurslar naziri səlahiyyətlərini icra edən Qaregin Baqramyan İrəvanda jurnalistlərə açıqlamasında deyib.
“Yəni əgər biz ilin sonunadək anlaşa bilməsək, bu, o demək deyil ki, yanvarın 1-dən qazımızı kəsəcəklər. Nə qədər ki, anlaşmamışıq, onu köhnə qiymətə alacağıq. Danışıqlar isə davam edir. Az öncə bu mövzuda iki ölkə rəhbəri söhbət edib. Təbii ki, söhbət bizim üçün maksimum sərfəli qiymətdən gedir”, - deyə o qeyd edib. Lakin nazir əvəzi söhbətin təfərrüatını açıqlamayıb.
Rusiya ilə danışıqlar isə Paşinyanın arzuladığı qiymətlə bitməyə də bilər. Rusiya, Putin nəyə görə ona güzəşt eləsin ki? Moskva artıq marağındadır ki, yavaş-yavaş Paşinyanın reytinqi “əriməyə” başlasın və daxildə ona qarşı narazılıq, müxalif mövqe güclənsin.
*****
İrəvan-Moskva münasibətlərinin perspektivini təhlil edən bir çox siyasi təhlilçilər hesab edirlər, seçkilərdən sonra rus-erməni əlaqələrini yeni sınaqlar və hətta macəralar gözləyir. Qərbin Paşinyandan gözləntilərini də ciddiyə alsaq, düşmən ölkənin seçkilərdən dərhal sonra böhran zolağına daxil olduğunu söyləmək mümkündür.
“Artıq aydındır ki, Rusiya-Ermənistan əlaqələrində dərin böhran var. 9 dekabr parlament seçkiləri bu situasiyanı ortaya çıxarmaq üçün, yalnızca səbəb rolu oynayıb. Özü də Moskvanın aşkar narazılığı belə görünür, çoxqatlıdır və özündə bir neçə komponenti ehtiva edir”.
Bu barədə 1 in.am saytında erməni şərhçi Sərkis Arsruninin yazısında deyilir. Müəllif daha sonra yazır: “Vladimir Putin mahiyyət etibarilə Ermənistanda inqilabın qəti qələbəsini ruh yüksəkliyi ilə təbrik edə bilməz. Ermənistanda artıq Rusiyanın təsir dairəsini daraldan bir parlament formalaşıb (Onun 77%-ni qərbpərəstlər təşkil edəcək - ”YM"). Rusiyanın artıq Respublikaçılar Partiyasını (Serj Sərkisyanın partiyası - “YM”) və Robert Köçəryanı ikinci qütbə çevirmək planı boşa çıxıb, gözlənilən islahatlar isə Ermənistandakı Rusiya oliqarxik seqmentinin təsirini sıfırlaya bilər. Nəhayət, Paşinyanın Avropa strukturları ilə bağlı siyasəti də Moskvanı narahat edir. Ona görə ki, Ermənistan Rusiyanın satellitindən müstəqil siyasət aparan subyektə çevrilə bilər ki, bu da Kremlin gündəmindən kənardır. İstənilən halda, Rusiya-Ermənistan münasibətlərindəki böhrandan qazanan üçüncü tərəf Azərbaycan olacaq".
*****
Politoloq Qabil Hüseynlinin fikrincə isə, Rusiya əvvəlkitək Ermənistanı əzizləyib sinəsinə basmağa hazır deyil (axar.az). “Digər tərəfdən Rusiya avtoritar rejimdir. Belə rejimlər özünə yaxın olan dövlətləri (rejimləri) hətta seçkilərin nəticələri bilinmədən təbrik edir. Paşinyanın Rusiya tərəfindən təbrik edilməməsi Rusiya-Ermənistan münasibətlərində mövcud problemlərin nə qədər dərin olduğunun və getdikcə də artdığının əyani sübutudur”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bundan sonra Putin Paşinyanı təbrik etsə də, bu, gecikmiş, protokol qaydalarına, nəzakət xətrinə edilmiş olacaq: “Yəni ki, əsaslı mahiyyət daşımayacaq. Burada maraqlı məqam odur ki, Ermənistanın KTMT-də olan digər müttəfiqləri də hələ Paşinyanı təbrik etməyib. Bu da həmin dövlətlərin də Paşinyana qarşı çox tərəddüdlü mövqedə olmaları ilə bağlıdır. Çünki Paşinyan indiyə qədər öz davranışları, siyasi bəyanatları ilə dünya ictimai rəyində təzadlı və aydın mövqeyə malik olmayan bir siyasətçi kimi tanınır. Bu səbəbdən onun hakimiyyətdə tam möhkəmləndikdən sonra hansı siyasi xətt üzrə gedəcəyi barədə birmənalı fikirlər səsləndirilmir”.
Politoloqa görə, Paşinyan əvvəl yol verdiyi səhvlərin nəticələrini, bəhrəsini dadmaqdadır: “Qərb də tərəddüd içindədir. Əvvəla, Qərb belə hesab edir ki, nə olur-olsun, Ermənistan Rusiyanın ağuşundan çıxmayacaq. Çıxsa da, onu böyük fəlakətlər gözləyə bilər. Necə ki, vaxtilə Ermənistan parlamentində gülləbaran hadisəsi baş verdi. Orada Rusiyanın cızdığı xətdən kənara çıxan adamların hamısı sıradan çıxarıldı. İndi də Rusiya həm zorbalıq nümayiş etdirir, həm də Paşinyana öz yerini göstərməyə çalışır. Hazırda Paşinyan ”Nə tökərsən aşına, o da çıxar qaşığına" prinsipi üzrə seçkidən əvvəl yol verdiyi siyasi yanlışların nəticəsini dadmaqdadır. Yəqin ki, bütün bunlar gələcəkdə Paşinyana xalqa verdiyi vədlərin yerinə yetirilməsində çox ciddi çətinliklər yaradacaq".
Sorğu
Yeni dizaynımız necədir?