Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın reallıqlarını nəzərə almadan, ölkə qanunvericiliyini bilmədən saxta raportlar hazırlayırlar Seçkilərə hazırlıqlar imkan verir ki, Azərbaycanda seçki kampaniyası və seçkilərin keçirilməsi yüksək səviyyədə təşkil olunsun. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində bildirib.
Z. Nağdəliyev bildirib ki, Azərbaycanda dünya standartlarına uyğun olaraq yüksək səviyyəli seçkilər keçiriləcək: "Ölkədə insanların konstitusion hüquqlarının həyata keçirilməsi üçün bütün şərait yaradılacaq".
PA rəhbərinin müavini vurğulayıb ki, MSK tərəfindən keçirilən Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seminarlar seçkilərə yüksək hazırlığın təmin olunmasına yönəlib.
Z.Nağdəliyev, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında duran vəzifələrdən də danışıb. O bildirib ki, artıq DSK-in vəziyyətinin monitorinqi keçirilib: "Bir sıra DSK-ın fəaliyyəti yeni binalarda təmin olunub. Bu dəfə keçiriləcək prezident seçkiləri həm DSK-ın fəaliyyəti baxımından, həm də vətəndaşlar üçün daha rahat təşkil olunacaq".
PA rəsmisi təşviqat kampaniyası barədə də fikirlərini bölüşüb. Z.Nağdəliyev vurğulayıb ki, təşviqat işinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb və artıq divarlara şəkil yapışdırılması halları olmayacaq, xüsusi ayrılan lövhələr qanunvericiliyə uyğun quraşdırılacaq.
Z.Nağdəliyev seçici siyahılarının dürüstləşdirilməsindən də bəhs edib: "Azərbaycanda hazırlanan seçici siyahıları bir çox ölkələr üçün örnək ola bilər. Neçə illərdir çalışılır ki, heç bir seçici seçkilərdən kənarda qalmasın".
Qeyd edək ki, kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.
Sorğu
Yeni dizaynımız necədir?