Son illərdə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində iki ölkə arasında iqtisadi və siyasi sahədə böyük irəliləyişlər əldə olunub.
GundemXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri deyib.
M.Baqeri bildirib ki, İran Azərbaycanı qonşu, dost və qardaş ölkə hesab edir: "Lakin münasibətlərimizin bu səviyyədə olması ilə heç cür razılaşa bilmərik və bunu daha da genişləndirməliyik".
O qeyd edib ki, iki ölkə arasında müştərək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmiryol xəttinin çəkilişi, eləcə də digər infrastruktur və yol-nəqliyyat layihələri icra olunur: "Bu layihələr nəticəsində iki ölkə arasında ticari-iqtisadi əlaqələr daha da genişlənəcək, inkişaf edəcək".
General-leytenant vurğulayıb ki, səfər zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri ilə keçirilən səmərəli görüşlərdə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, müəyyən razılıqlar əldə edilib:
"Düşünürük ki, gələcəkdə bu sahədə əlaqələrimizi daha da inkişaf etdirə biləcəyik. İki ölkənin sərhədləri də sülh və dostluq sərhədləridir və biz ümid edirik ki, gələcəkdə də bu sülh sərhədləri daha yaxşı qorunacaq və ölkələrimiz arasında insanların gediş-gəlisi, məhsulların nəqli üçün daha yaxşı şərait yaradılacaq".
Baş Qərargah rəisi əlavə edib ki, Xəzəryanı dövlətlər, eləcə də Azərbaycanla İran arasında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın qəbul olunması böyük irəliləyişdir: "Bu konvensiya imkan verəcək ki, gələcəkdə Xəzər dənizində birgə əməkdaşlığı daha da genişləndirək, birgə hərbi təlimlərin keçirilməsini təşkil edə bilək"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?