"Ermənistan və Azərbaycan əhalisinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində istənilən kompromis qərarın qəbuluna hazırlanması çoxdandır ki, çatışmayan komponentdir".
GundemXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano öz "Twitter" səhifəsində yanvarın 16-sı Parisdə Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekununda verilmiş bəyanatı şərh edərkən yazıb.
Öz növbəsində, britaniyalı politoloq Tomas de Vaal qeyd olunan bəyanatı müsbət qiymətləndirib.
O, öz "Twitter" səhfəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması prosesində mühit qəfil dəyişdi. Bu, çox müsbət bəyanatdır. İndi işə başlamaq, daha çox maraqlı tərəf cəlb etmək, cəmiyyətdə çətin məsələlərlə bağlı müzakirələrə başlamaq vaxtıdır".
Xatırladaq ki, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?