Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.
Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu deyib. Bildirib ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Azərbaycan – Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikdirdiklərini deyən Mehriban Əliyeva əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirib, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıb. David dö Rotşildi ölkəmizə səfərə dəvət edib.
David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib. “Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər”, - deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmnunluqla qəbul edib.
Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?