Azərbaycan prezidenti İlham Əliyev bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını gözləməyə çağırıb.
“ATƏT-in Minsk qrupunun həmsədrləri hər şeyi danışacaqlar”, - virtualaz.org TASS-a istinadən xəbər verir ki, prezident görüşün nəticələri barədə şərh xahişinə belə cavab verib.
* * *17:44
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağ tənzimlənməsi üzrə Azərbaycan prezidenti İlham Əliyevlə görüş normal keçib. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sədri cümə günü jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Görüş normal keçdi”, - avtomobilə əyləşərkən o, gülümsəyərək deyib.
* * *17:05
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.
Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.
**15.10
Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüşdən əvvəl tərəflər ATƏT-in Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə müzakirə aparıblar.
Bu arada Ermənistan parlamentinin hakim “Mənim addımım” blokundan olan bir qrup deputatları Dağlıq Qarabağa yola düşüblər. Nəticədə parlamentdə kvorum alınmayıb.
Nəyə görə deputatlar məhz bu gün-Vyanada danışıqların getdiyi bir vaxtda Qarabağa yola düşüblər? Paşinyanın blokundan deputat Alen Simonyan jurnalistlərin bu sualına cavab olaraq deyib ki, səfər “düzgün addımdır və müsbət təsir edəcək”. Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb. “Əvvəlcədən heç bir razılıq olmayıb ki, məhz bu gün getsinlər. Çünki siz gözəl bilirdiniz ki, Nikol Paşinyanın Vyanaya səfəri ancaq dünən təsdiqlənib”.
Lakin erməni mediası qeyd edir ki, Paşinyanın Vyanada Əliyevlə görüşəcəyi haqda KİV-lər günlərdir yazırdı.
***14:30
Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb.
Liderlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərləri də iştirak edirlər./virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?