“Vətən, millət, dövlət məsələsində cılız maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq. Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir”.
Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Nazir bildirib ki, sosial şəbəkələrdə onun haqqında yazılar yayımlanır: “Ermənilərin xüsusi xidmət orqanları boş dayanmırlar. Mənim adıma səhvlərlə dolu saxta raport hazırlayıblar. Biz araşdırma aparırıq və məlum olur ki, sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”.
Z. Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: “Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır”.
Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirib.
Nazir bildirib ki, D. Tonoyanın səviyyəsinə enmək istəmir.
“Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar”, – deyə nazir vurğulayıb.//APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?