ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazir Zohrab Mnasakanyanla görüş keçirəcək.
Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri “twitter” səhifəsində yazıb
"Bu həftə sonu Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə aralarında dialoqun davam etdirilməsini təşviq etmək məqsədi ilə keçirəcəyim görüşü səbirsizliklə gözləyirəm. ABŞ regionda sülh prosesinin irəliləməsinə kömək etməyə hazırdır,” Con Bolton yazıb.
2018-ci ilin oktyabrında Con Bolton regiona səfər edib. O səfər zamanı Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlər keçirib.
Danışıqların mövzusu regional problemlər, Qarabağ münaqişəsi, ABŞ-ın İranın terrorizmə dəstəyinin və nüvə silahı istehsalının qarşısını almaq səyləri olub.
Bundan əlavə bu ilin yanvarında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton həmçinin özünün Twitter səhifəsində prezident İlham Əliyevlə telefon danışığı barədə yazıb.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?