"Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin".
Bunu Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı deyib: "Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir".
"Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib", Prezident İlham Əliyev bildirib.//Report.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?