Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.
Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev də çıxış edib. O, ilk olaraq bu vəzifəyə təyin olunmağı ilə bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və bu təqdimatı dəstəklədiyi üçün Milli Məclisə təşəkkür edib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə sabitlik təmin edilib: “Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir.
Bu yüksək kürsüdən müraciət edərək, Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, Prokurorluq orqanları bundan sonra da dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”.
***11:10
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələ daxil edilib.
İclasda əvvəlcə “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
K.Əliyev parlamentin iclasında iştirak edir.
Onu da xatırladaq ki, indiyədək Baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?