"Siz koronavirusla mübarizə ilə əlaqədar görülmüş bütün işləri dediniz. İcazənizlə mən də öz münasibətimi bildirim. Cənab Prezident, fevral ayının 27-dən başlayaraq Sizin Sərəncamınızla bu xəstəliyin qarşısını almaq və əhalimizin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. İlk gündən bugünkü günə qədər Sizin tapşırığınızla, cənab Prezident, Operativ Qərargahda iştirak edən bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görür və bu istiqamətdə gecə-gündüz çalışırlar".
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.
"Möhtərəm cənab Prezident, bütün dünyada cərəyan edən xəstəliyi və digər ölkələrdə onunla mübarizəni hamı, o cümlədən Azərbaycan xalqı görür. Siz rəqəmləri dediniz, icazənizlə bəzi rəqəmləri də mən demək istəyirəm. Ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmışdır. Respublikanın 35 rayon və şəhərində, qeyd etdiyiniz kimi, 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.
Cənab Prezident, bu dövr ərzində Azərbaycan həkimlərinin səyi nəticəsində 28 min 890 nəfər xəstəlikdən sağalaraq evlərinə sağ-salamat getmişdir. Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq yaxşıdır.
Bunları deməkdə məqsədim ondan ibarət deyil ki, bu faktlardır və statistikadır. Rəsmi statistika həm bizim ölkə, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır.
Cənab Prezident, Siz də qeyd etdiniz, son dövrdə, əsasən, iyunun 21-dən etibarən xəstəlik Azərbaycanın bəzi bölgələrində, Bakı şəhərində çoxalmağa başlamışdı. Bunu nəzərə alaraq, respublikanın 15 rayon və şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bu zonalarda xüsusi sərtləşdirilmiş rejim tətbiq etməkdə məqsəd xəstəliyi cilovlamaq və bunun digər bölgələrə yayılmasının qarşısını almaq idi.
Görülmüş tədbirlərin nəticəsi iki həftədən sonra özünü göstərdi. Bir rəqəmi də icazənizlə səsləndirmək istəyirəm ki, ən pik vəziyyət bizdə 11 iyul tarixində qeydə alınmışdır. Respublikada aktiv xəstələrin sayı 8 min 651 nəfər idi və görülmüş tədbirlər nəticəsində dünənə olan statistikaya əsasən aktiv xəstələr bütün respublika üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 3 min 787 nəfər, yəni 2,3 dəfə azalmışdır.
Xəstəlik 476 nəfərin ölümünə səbəb olmuşdur. Bununla əlaqədar, cənab Prezident, Siz də qeyd etdiniz, 6 laboratoriyanın əvəzinə bu gün fəaliyyət göstərən 31 laboratoriya var. Sizin tapşırığınızla qısa müddətdə onu 40-a çatdıracağıq. Bu günə qədər 760 minə yaxın test aparılmışdır. Bu da bizim əhalimiz üçün çox yüksək nəticələrdir.
Cənab Prezident, yüngül formada xəstələnən vətəndaşlarımız xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Beləliklə, respublikadakı 87 poliklinikada bu nəzarət funksiyası yaradılıb, onun da 40-ı Bakı şəhərindədir.
Cənab Prezident, Sizin tapşırığınız ondan ibarət idi ki, bu xəstəliklə əlaqədar bütün resurslar - maliyyə, inzibati və digər resursların hamısı buna yönəlməlidir. Mən xüsusən də xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərimizə və tibbi personala xüsusi qayğı göstərildiyini qeyd etmək istərdim. Sizin 18 mart tarixli Sərəncamınıza uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılmışdır. Məruzə edirəm ki, mart-iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılmışdır. Bu işlər davam etdirilir.
Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir.
Cənab Prezident, onu da qeyd etməliyəm ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra bu riskli zonalarda əhalimiz bu məsələlərdə daha diqqətli olmağa başlamışdır. Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, Operativ Qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən məruzə etməliyəm ki, əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılmışdır. Həmin bölgələrdə vəziyyət normaldır.
Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər.
Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək.
Cənab Prezident, məruzə ediləsi rəqəmlər də çoxdur, görülmüş işlər də. Bir məsələni bildirmək istəyirəm ki, Operativ Qərargah qarşımıza qoyduğunuz vəzifələri və məsuliyyəti dərk edir və bundan sonra da xalqımızın sağlamlığı üçün əlindən gələni edəcək".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?