Avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitləri Azərbaycana səfərə gəlir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Türkiyə hərbi rəhbərlərinin Azərbaycana səfəri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərindən bir gün sonraya təsadüf edir.
Avqustun 11-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycanın xarici işlər və müdafiə nazirləri - Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib.
Görüş zamanı aparılan danışıqların məzmunu açıqlanmayıb. Ekspertlər Ermənistan-Azərbaycan sərhədində gərginlik fonunda iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin, Türkiyənin Azərbaycana hərbi-texniki və hərbi dəstəyinin təmin edilməsi üzrə addımların həyata keçirilməsi məsələsinin görüşün əsas müzakirə mövzusu olduğunu düşünür.
Bu il iyulun 29-dan avqustun 10-dək Azərbaycanda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?