“Sosial Tədqiqatlar Mərkəzi (STM) vaxtaşırı olaraq, dövlət və cəmiyyət həyatında baş verən dəyişiklikləri, müşahidə edilən tendensiyaları, yeni yanaşmaları, cəmiyyətdəki dinamikaları öyrənir, tədqiq edir və ictimaiyyətə, eyni zamanda dövlət orqanlarına təqdim etmək üçün açıq və qapalı arayışlar hazırlayır”.
Bunu mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc sentyabrın 2-də keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, mərkəz “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında tədqiqat aparıb.
Z.Oruc deyib ki, Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi anti-böhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökumətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Z.Oruc deyib ki, dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, bizə görə, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoyub: “Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər. Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük”.
STM rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz millətinin çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır: “Bu nüfuz, əminamalığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım, dövlət və milli həyatın bütün sahələrində Prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu”.
O deyib ki, Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, məlum olduğu kimi, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb: “Növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb”.
STM sədri bildirib ki, pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi seçimlərlə üz-üzə qaldı: “Vətəndaşların sağlamlığının yoxsa iqtisadiyyatın xilas ediləcəyini seçim edərkən, müxtəlif dövlətlər müxtəlif seçimlər etdilər. Azərbaycanın dövlət başçısı bəyan etdi ki, insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan rəhbərliyinin vətəndaşların sağlamlığını, rifahını və təhlükəsizliyini strateji prioritet olaraq önə çəkməsi yaranmış vəziyyətdə verilmiş ən düzgün qərarlardan oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün antiböhran fəaliyyətin məzmunu - iqtisadi dəstək proqramları, sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşasına qədər həyata keçirilən tədbirlər məhz bu məqsədə - vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət edir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?