«Prezident Əliyevin seçkiləri udacağına əmin kimi göründüyü Bakının Neftçilər prospekti boyunca 5-ulduzlu otellərin və müstəsna mağazaların qarşısından lüks avtomobillər şütüyür».
«Reuters» agentliyinin müxbiri Margarita Antidze-nin son məqaləsi belə başlayır.
Müxbir yazır ki, 51 yaşlı prezidentin opponentləri onun daha 5 il müddətinə, üçüncü dəfə seçilməsinin qarşını almağa qadir olmadıqlarını etiraf edirlər.
Müəllif izah edir ki, bu qələbə 1969-cu ildə kommunist lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sülalənin hakimiyyətini bir qədər də uzadacaq. Rəy sorğuları İlham Əliyevin öz rəqiblərindən xeyli irəlidə olduğunu göstərir.
Margarita Antidze yazır ki, İran və Rusiya arasında yerləşən Azərbaycan Avropanın həyati enerji təchizatçısı və Əfqanıstandakı ABŞ qoşunlarının təchizatı üçün tranzitdir.
Müəllifin fikrincə, Əliyev 2003-cü ildə hakimiyyətə gələndən bəri tükənən azadlıqlara Qərbin göz yummasının da səbəbi elə budur.
Jurnalist yazır ki, «Ərəb baharı»ndan ilhamlanmış yeni internet istifadəçiləri nəsli də Əliyevin gələn həftə uduza biləcəyini zənn etmir. Lakin onlar ümid edirlər ki, növbəti prezident müddətində Əliyev bir gün onu hakimiyyətdən devirəcək problemlərlə üzləşəcək.
Məqalədə bildirilir ki, neft istehsalının pik nöqtəsinə çatdığı bir vaxtda varlılar və yoxsullar arasında gərginlik artır.
«Mən bu ölkəyə dəyişikliyin seçki ilə gələcəyinə inanmıram», - 30 yaşlı bloqqer Adnan Hacızadə deyir. «Çünki Azərbaycanda real seçki yoxdur».
«Hazırda bu hakimiyyət öz qüdrətinin zirvəsindədir», - deyir bloqqer. «Lakin müharibənin başlaması və ya ölkənin təbii ehtiyatlarının tükənməsi kimi sosial bir fəlakət baş versə, onlar üçün çox ciddi problem yaranacaq».
Müəllif xatırladır ki, Hacızadə bloqqer yoldaşı Emin Milli ilə birlikdə qurama olduğu söylənən dava-dalaşa görə vaxtilə həbsxanada yatıb.
Tərəfdarları onların həbsinə internetdə yerləşdirdikləri «Eşşəyin mətbuat konfransı» adlı satirik videonun səbəb olduğuna inanırlar.
Margarita Antidze yazır ki, son üç ildə etirazları çox çevik yatıran polisin həbs qorxularına baxmayaraq, müxalifətin aksiyaları artıb. Ötən ay Bakıda minlərlə insan Əliyevin istefasını tələb edib.
«MƏNİM PREZİDENTİM»
«Reuters» yazır ki, bu il Əliyevin onlarca opponenti həbs edilib. Azərbaycanda yerləşən İnsan Haqları Klubunun məlumatına görə, siyasi məhbusların sayı iki dəfə artaraq 140-a çatıb. Eyni zamanda hakimiyyət icazəsiz mitinqlərdə iştiraka görə cərimələri artırıb.
Cəmil Həsənli Cəmil Həsənli «Müxalifətin ilk dəfə olaraq vahid namizəd - Cəmil Həsənlinin ətrafında birləşməsinə baxmayaraq, o, Əliyev üçün heç bir təhlükə təşkil etmir» – yazır müəllif.
«Mənim prezidentim» kampaniyasının təşkilatçısı, hökumətpərəst Milli Gənclər Şurasının başçısı Şahin Seyidzadə deyir ki, bir çox gənclər İlham Əliyevi ürəkdən dəstəkləyirlər.
«Müxalifət ortalığa prezident Əliyevə rəqib olacaq lider çıxara bilməyib… Adamlar ona alternativ görmürlər» –Seyidzadə deyir.
Margarita Antidze yazır ki, İlham Əliyevin hakimiyyəti dövründə adambaşına düşən ÜDM 2003-cü ildəki 850 dollardan 2012-ci ildə 7850 dollara yüksəlib.
O, hakimiyyətə gələndə, Azərbaycan 1990-cı illərin iqtisadi xaosundan və Qarabağ müharibəsindən təzəcə özünə gəlirdi.
KÖHNƏ, TƏZƏ BARONLAR
Margarita Antidze yazır ki, Bakının üzərində bərq vuran 190 metrlik «Alov qüllələri» neft gəlhagəlinin daha bir simvoludur.
Belə bir bum 19-cu əsrin axırlarında da olub. O zaman neft baronları Xəzər dənizinin sahillərində dizaynı Avropadan köçürülmüş malikanələr və opera teatrları tikdirmişdilər.
Xəzərdə neft platforması Xəzərdə neft platforması Lakin iqtisadi artım 2007-ci ildən etibarən yavaşıyıb, halbuki bundan əvvəlki artım orta hesabla ildə 21 faiz idi.
Müəllifin qənaətinə görə, yavaşımaya əsas səbəb neft istehsalının azalması idi və məhz buna görə də İlham Əliyev BP-ni «yalan vədlər» verməkdə ittiham edirdi.
Bununla belə, məqalədə deyilir ki, Azərbaycanda iqtisadiyyat yüksəlişdədir və keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında artım 1.3 faizdən 5.2 faizə qalxıb.
Müəllif qeyd edir ki, buna iqtisadiyyatın 70 faizini təşkil edən neftdən başqa qeyri-neft sektorunun sürətli inkişafı imkan yaradıb.
Margarita Antidze yazır ki, Azərbaycan keçən ay Avropanı Rusiya qazına alternativ olan qaz ilə təchiz edəcəyi barədə kontraktlar imzalayıb.
«Bizim neftimiz bir günün içində qurtarmayacaq, üstəlik, qaz istehsalının perspektivləri və başqa layihələr var» - Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyir. «Biz müxalifətdən qorxmuruq... Müəyyən çətinliklər var və onların üzərində işləyirik».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?