Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın Ermənistanın fəaliyyətinə qarşı şikayətləri üzrə kommunikasiyalara başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Ali Məhkəməsi sədrinin müavini, Azərbaycan Respublikasının AİHM-də səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
Bundan öncə Avropa Məhkəməsi Azərbaycan və Ermənistanın İkinci Qarabağ müharibəsində insan hüquqlarının pozulmasına dair qarşılıqlı ittihamlarını baxılmaq üçün qəbul etmişdi.
"Şikayətlər barədə məlumatı biz göndərmişik. Böyük Palatanın tərkibinin müəyyənləşdirilməsini və icraat çərçivəsində sorğuların göndərilməsini gözləyirik. Qərarın nə zaman qəbul ediləcəyi Avropa Məhkəməsinin necə səmərəli işləməsindən asılı olacaq", - Əsgərov deyib. Konvensiyaya uyğun olaraq, dövlətlərarası şikayətlərlə bağlı kommunikasiya dərhal başladılıb. Əsgərov deyir ki, (Avropa məhkəməsinin - red.) sonrakı addımlarını gözləyirlər.
Avropa Məhkəməsi hansı cinayətləri araşdıracaq Azərbaycan tərəfinin şikayəti 2020-ci il oktyabrın 27-də verilib. Pozuntular hərbi əməliyyatlar dövründə törədilmiş hərbi cinayətləri ehtiva edir. İşdə bildirilir ki, fərq qoyulmadan Azərbaycanın dinc sakinlərinə, mülki və dövlət obyektlərinə, infrastruktura hücum edilib, hərbi əsirlər və girovlarla qeyri-insani rəftar edilib, işgəncə verilib, onların bir qismi qətlə yetirilib.
Bakı həmçinin bəyan edib ki, Yerevan 1992-ci ildən bəri Konvensiyanı dəfələrlə pozduğuna, yüz minlərlə azərbaycanlını öz evlərindən qovduğuna, Azərbaycan vətəndaşlarının itkin düşməsinə, onlarla qəddar rəftara, mədəni və dini dəyərlərin məhv edilməsinə görə məsuliyyət daşıyır.
Məhkəmə qərarı nə zaman çıxacaq Avropa Məhkəməsində istər fərdi qaydada, istərsə də bir dövlətin başqası haqda şikayətlərinə baxılması üçün vaxt çərçivəsi müəyyən edilmir. Hüquqşünas Xalid Ağəliyevin bildirdiyinə görə, məhkəmə qərarının uzanması gözləniləndir.
Azərbaycanın Ermənistana qarşı indiki şikayəti onunla fərqlənir ki, Birinci Qarabağ müharibəsinə aid işlərdən fərqli olaraq bu dəfə məhkəməyə materiallar fərdi qaydada deyil, dövlət səviyyəsində göndərilib. Əgər əvvəllər evlərindən məhrum olan qaçqınlar və məcburi köçkünlər ədalət arayırdılarsa, bu dəfə şikayət dövlət səviyyəsində dinləniləcək.
"Dövlətlərarası şikayətlərin baxılması təcrübəsindən çıxış etsək, məsələn, deyə bilərik ki, Gürcüstanın Rusiyaya qarşı iddiasına baxılması on ildən çox çəkdi. Bu nöqteyi-nəzərdən tezliklə qərar veriləcəyi gözlənilmir. Ermənistanın Türkiyə əleyhinə də şikayət verdiyini nəzərə alsaq, proses daha da qəlizləşəcək", - hüquqşünas deyib. Azərbaycanın Ermənistanla bağlı şikayəti barədə yalnız ümumi məlumat bəllidir. Daha detallı məlumatlar pozuntuların təsdiq olunması halında respublikanın nə qazanacağını deməyə imkan verərdi. Ümumilikdə, Ağəliyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan SQ-nin raket zərbələrindən zərər çəkən əhaliyə maddi və mənəvi təzminat ödənilməlidir.
Sorğu
Yeni dizaynımız necədir?