Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası və Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyi müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ceyhun Bayramov sərhəd məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasının, bu xüsusda mövcud olan fikir ayrılıqlarının "danışıqlar yolu ilə həllinin vacibliyini" qeyd edib. Nazir Azərbaycanın sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini dəstəklədiyini vurğulayıb, XİN bildirib. Məlumatda deyilir ki, Ceyhun Bayramov son gərginlik zamanı saxlanılan 6 erməni hərbçi barədə söyləyib ki, Ermənistan tərəfinin "bu kimi təxribatlara əl atması yolverilməzdir". Mayın 12-dən isə Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?