Azərbaycan Prezidenti avropalı rəsmilərlə görüş vaxtı deyib ki, Ermənistan hökuməti sülh sazişinə dair danışıqlarla bağlı Azərbaycanın bəyanatlarını cavabsız qoyur.
"Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur".
İlham Əliyevə əsasən, sülh çağırışlarının reaksiyasız qalması "bu cür bəyanatlar vermək üçün çox əlverişli" olmayan seçkiqabağı vəziyyətlə izah oluna bilər.
"Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq", Aİ nümayəndə heyəti və Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirlərini qəbul edən İlham Əliyev deyib.
Azərbaycan dövlət başçısının sözlərinə görə, Ermənistanla sülh sazişi olmasa, bu, Cənubi Qafqazda sülhün olmaması deməkdir.
"Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur."
İlham Əliyev bu məsələnin avropalı rəsmilərin Ermənistan tərəfi ilə təmasları vaxtı da müzakirə olunacağını güman etdiyini deyib.
Rumıniyanın xarici işlər naziri Ermənistan və Azərbaycanın "razılığı olduğu təqdirdə" postmünaqişə dövründəki inkişaf proseslərində daha yaxından iştirak etmək niyyətini dilə gətirib.
"Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir", - Boqdan Auresku deyib.
Rumıniyalı diplomata əsasən, "hazırkı səfər" ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına "hazırlıq məqsədi" daşıyır.
İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə xidmət edən bəzi hərbçilərin maaşlarını artırıb
İşğaldan azad olunmuş ərazilərdə xidmət edən bəzi hərbçilərin maaşları artırılacaq
İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyən ediləcək.
Bu sərəncam müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçulara tətbiq edilmir, qərarda bildirilib.
Prezidentin saytının məlumatına görə, hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində beş il müddətində Müdafiə Nazirliyi tərəfindən ödənilir.
Qərara görə bu il üçün ödəniləcək vəsait "Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü "Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi" yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına", növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Sərəncamda maaşlara əlavənin 2021-ci il iyulun 1-dən ödənilməsi göstərilib.
Ötən gün İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycanın yüzlərlə hərbiçisini müxtəlif ordenlərlə və ən azı 69 min 530 hərbiçisini medalla təltif edib.
Son günlərdə Rusiya Azərbaycan, Türkiyə və Ermənistan liderləri arasında telefon danışıqları keçirilib. Silsilə görüşlərdə kommunikasiyaların açılması ilə bağlı məsələlər əsas mövzu olub.
Cümə axşamı günü Vladimir Putin və Nikol Paşinyan arasında Qarabağla bağlı fikir mübadiləsi aparılıb, Kremlin rəsmi açıqlamasında deyilir.
Məlumata əsasən, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının "ardıcıl şəkildə" həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Vladimir Putin Nikol Paşinyanla söhbət vaxtı həmçinin onun başçılıq etdiyi partiyanı növbədənkənar parlament seçkilərindəki qələbə ilə bağlı təbrik edib.
Eyni gündə Rusiya və Türkiyə prezidentləri arasında daha bir müzakirələr yer alıb.
Vladimir Putin və Recep Tayyip Erdoğan o cümlədən bölgənin nəqliyyat "infrastrukturunun bərpası" sahəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə ediblər.
Rusiya və Türkiyə liderləri həmçinin atəşkəsə nəzarət edən Birgə Rusiya-Türk Mərkəzinin işinə müsbət qiymət veriblər, Kremlin.ru saytındakı açıqlamada deyilir.
Vladimir Putin və Recep Tayyip Erdoğanın görüşündən bir gün əvvəl Azərbaycan ilə Rusiyanın xarici işlər nazirləri, sonra isə Prezidentlər İlham Əliyev və Vladimir Putin telefonla danışıblar.
Məlumata görə, telefon söhbətində Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına "xüsusi diqqət" yetirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?