Ötən gün axşam Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığına dair məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Qarabağ ətrafındakı situasiyanı da müzakirə ediblər.
Belə ki, Vladimir Putin Emmanuel Makronu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar vüçtərəfli razılaşmalarının yerinə yetirilməsinin gedişi haqda məlumatlandırıb. Qeyd olunub ki, regionda vəziyyət Rusiya sülhməramlı qüvvələrinin sayəsində stabil olaraq qalır. Son aylarda normal təsərrüfat fəaliyyəti, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün normal zəmin yaradılıb.
Rusiya prezidenti diqqəti avropalı tərəfdaşların, xüsusən də Fransanın döyüş əməliyyatlarından zərər çəkən rayonların əhalisinin humanitar problemlərinin həllinə daha sıx cəlb olunmasının zəruriliyinə yönəldib. “Hər iki tərəf o cümlədən ATƏT-in Minsk Qrupu xətti ilə Dağlıq Qarabaş nizamlanmasının müxtəlif aspektlərinə dair koordinasiyaya hazır olduqlarını ifadə edib”,-məlumatda deyilir.
Makronla Putin arasında bu telefon danışığına dair yayılmış rəsmi məlumatda yer alan bəzi məsələlərə ayrıca toxunmaq lazım gəlir ki, bunlardan biri də Avropa ölkələrinin, xüsusən Fransanın Qarabağda humanitar problemlərin həllinə “daha sıx cəlb olunması” barədə çağırışdır. Bəlli olduğu kimi, Rusiya 10 noyabr üçtərəfli razılaşmasının ardınca Xankəndində humanitar reaksiya Mərkəzi yaradıb (hərçənd üçtərəfli razılaşmada bu barədə heç nə deyilmirdi) və həmin mərkəzin fəaliyyəti Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin humanitar problemlərini həll etməkdən ibarətdir. Yəni rəsmi bəyanatlara əsasən bu, belə olmalıdır. Mərkəzdə Rusiyanın müxtəlif hökumət strukturları təmsil olunur. Və bildirildiyi kimi, Rusiya Qarabağın dağlıq hissəsinin ermənilər yaşayan hissəsində humanitar vəzifələrin yerinə yetirilməsinə milyonlarla dollar xərcləməkdədir.
Üçtərəfli bəyanatın imzalanmasının ardınca Rusiya beynəlxalq təşkilatları, o cümlədən BMT-ni də regionda işə başlamağa çağırmışdı. O cümlədən qərb ölkələrini regionda “humanitar məsələlərin həlli işinə” vəsait ayırmağa səsləmişdi. İndi isə belə çağırış Fransaya edilir. Lakin Putinin dediyi kimi, “avropalı tərəfdaşların” hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə birbaşa hansısa yardımlar etməsi və ya orada hansısa humanitar layihələri həyata keçirməsi mümkün deyil, belə fəaliyyət ancaq Azərbaycan üzərindən mümkündür.
Digər məqam isə telefon danışığı zamanı “Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri barədə” qarşılıqlı koordinasiyadır ki, burada da zəruri dəqiqləşdirmələrə ehtiyac var. “Nizamlama” dedikdə burada nə başa düşülür? Əgər söhbət münaqişənin nizamlanmasından gedirsə bu məsələ artıq keçmişdə qalıb və Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, artıq danışılası heç nə yoxdur. O cümlədən ATƏT-in Minsk Qrupunun xətti ilə. Münaqişə hərbi yolla həll olunub və geriyə ancaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə sərhədlərin demarkasiyası və delimitasiyası prosesi qalıb. Və Azərbaycan tərəfi bu məsələdə o cümlədən Minsk Qrupu xətti ilə göstərilən təşəbbüslərə açıqdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?