Rusiya rəsmisinin mina xəritələrinin müqabilində erməni terrorçularının azadlığa buraxılmasına yönəlik cəhdləri bu dəfə fiasko vəd edir; Zaxarova RF XİN-in “mətbəx”indəki söhbəti ictimailəşdirib; politoloq: “Sazişə əməl etməyən tərəf biz deyilik, ruslar və ermənilərdir”
Qarabağla bağlı təkbaşına sülhməramlı missiya həyata keçirməyə çalışan Rusiyanın son zamanlar sərgilədiyi mövqe ortaya suallar çıxarır və hələ ki, bunlara cavab yoxdur. Qarabağdakı 20-35 min ermənini bağrına basıb onların təxribatlarına dolayısı və ya birbaşa stimul verən sülhməramlı kontingentin davranışlarına Azərbaycan cəmiyyətinin etirazlarının davam etməsi şəraitində ayrı-ayrı Rusiya rəsmilərinin açıqlamaları da birmənalı qarşılanmır.
Bu günlərdə Rusiya Azərbaycan və Ermənistanı əsirlərin və mina xəritələrinin mübadiləsinə səsləyib. Bu barədə cümə axşamı günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, “hamını hamıya” prinsipinə əsasən əsirlərin və mina xəritələrinin mübadiləsinə çağırıb. Rusiya rəsmisi sanki Azərbaycanda erməni əsirin olmadığını unudub. Xatırlatmaq yerinə düşər ki, əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirmək təşəbbüsü və ideyası Azərbaycana məxsusdur. Belə ki, 2014-cü il iyulun 11-də azərbaycanlı mülki şəxslər - Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüləndən, birinciyə ömürlük, ikinciyə 22 il qanunsuz cəza veriləndən sonra rəsmi Bakı işgəncə altında saxlanılan insanların azad olunması üçün davamlı çağırışlar etmişdi və konkret təklif vermişdi. Lakin M.Zaxarova daxil, Rusiya rəsmiləri hətta D.Əsgərovun Rusiya vətəndaşı olması faktına belə, ciddi yanaşmadan onların erməni girovluğundan qurtulması üçün ciddi cəhdlər göstərmədilər, erməni terrorçularının xətrinə dəyə biləcək addımlara getmədilər. Ancaq budur, M.Zaxarova hətta ölkəsinin vasitəçiliyi ilə atəşkəsin imzalanmasından, 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın Şirak bölgəsindən Qarabağa göndərilmiş, bir çoxunun cinayətləri məhkəmələrdə sübuta yetirilmiş terrorçuların azad olunması üçün əlindən gələni edir. Ancaq hansı haqla? Həmin terrorçular dekabr ayında rus sülhməramlıların yanından keçərək Azərbaycan ərazisinə daxil olublar, həm mülki vətəndaşlarımızı, həm də hərbçilərimizi qətlə yetiriblər. Rusiya belə cinayətkarları “hamını hamıya” prinsipi ilə sərbəst buraxardımı, cavabın xanım Zaxarova daha yaxşı bilər...
Qeyd edək ki, Azərbaycan kifayət qədər humanistlik nümayiş etdirib. Rəsmi Bakı ilk dəfə ABŞ-ın çağırışı, Gürcüstanın vasitəçiliyi ilə “erməni əsirlər”in 15 nəfərini İrəvcana verib, Ağdam ərazisində basdırılmış minaların xəritəsini alıb. İkinci dəfə bu missiya ilə Rusiya çıxış etdi. İyulun 3-də Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycana Füzuli və Zəngilan rayonlarının mina xəritələrini verdi, əvəzində isə Azərbaycan 15 nəfər erməni əsilli şəxsi general Muradovun təyyarəsində Ermənistana göndərdi. Həmin şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 aylıq həbs cəzasına məhkum edilmişdilər. O zaman Ermənistanın təqdim etdiyi mina xəritələrinin həqiqiliyinə ciddi şübhələr var idi və söylənilənlər özünü doğrultdu. Belə ki, “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev b u barədə açıq danışdı. Sitat: “Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda Ağdam şəhərinin Baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”. Dövlət başçımız bildirdi ki, ermənilər işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb: “Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir”. Göründüyü kimi, Azərbaycan hətta müharibədən sonra da Ermənistanın cinayətləri səbəbindən itkilər verməkdədir. Hansı ki, mina xəritələrinin qeyd-şərtsiz təqdim olunması 10 noyabr bəyannaməsində əksini tapmalı və icra olunmalıydı. Lakin himayədarlarından stimul alan Ermənistan kapitulyasiyaya imza atdıqdan sonra belə, şərtlə danışmağa cəsarət edir.
Rusiya dövlət başçısı Vladimir Putin dəfələrlə Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini ifadə edib. Belə görünür ki, Rusiya XİN rəhbərliyində Azərbaycana qarşı ənənəvi qıcıqlı və qərəzli mövqe davam edir ki, bu da Putinin siyasətinə ziddir. Əks təqdirdə Rusiya XİN rəsmisi Putinin imzaladığı sənədə istinad edərək İrəvanın qarşısına tələblər qoyardı, Azərbaycandan erməni terrorçuların azadlığını istəməzdi. Qeyd edək ki, hətta bu il ərzində N.Paşinyan V.Putinlə görüşlərdə “hərbi əsirlər” mövzusunu dəfələrlə qabartmağa çalışda da, Rusiya prezidenti onun dediklərinə məhəl qoymayıb və üstündən keçib. Bunun əsas səbəbi bəllidir: Azərbaycan Prezidenti sözünü deyib, bizdə erməni terrorçuları saxlanılır, əsirlər yox! Bundan əlavə, Azərbaycan tərəfi Prezident səviyyəsində ilk dəfə aydın şəkildə bəyan etdi ki, son mərhələdə verilən mina xəritələrinin dəqiqliyi cəmi 25 faiz olub. Bu da Ermənistan tərəfinin nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir. Deməli, bundan sonra bizə Ermənistanın verdiyi mina xəritələri də lazım olmaya bilər, onsuz da minaaxtaranlarımız dost və qardaş ölkələrin dəstəyi ilə öz işlərini yüksək peşəkarlıqla həyata keçirir.
Rusiyanın yenidən mina xəritələri ilə “əsir” mübadiləsi barədə cəhdlərini davam etdirəcəyi şübhəsizdir, hər halda Zaxarova XİN-in “mətbəxi”ndəki söhbəti ictimailəşdirib. Yeri gəlmişkən, ermənilər onun dediklərindən çox məmnun qalıblar və ümidlə gözləyirlər. Məhz M.Zaxarovanın açıqlamalarından sonra İrəvanda davamlı şəkildə erməni hərbçilərin yaxınlarının aksiyalar keçirməsi də ondan xəbər verir ki, Rusiyadan konkret işarə verilib. Azərbaycan Prezidentinin dediyi kimi, mina xəritələri reallığı maksimum 25 faiz əks etdirdə, bəs əsir və xəritə mübadiləsində bu amil nə dərəcədə nəzərə alınır? Bəlkə ermənilər özləri də dəqiq xəritələri bilmir. Bu cür durumlarda “B” variantı olaraq hansısa plan işə düşməlidirmi?
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan mina xəritələrinin verilməsi ilə açıq şəkildə alver edir və verdikləri xəritələrin müqabilində terrorçuları almasını da şantaj predmetinə çevirir: “Dünyada bunu Azərbaycanın imicinə zərbə vurmaq vasitəsi kimi təbliğat vasitəsinə çevirib. Mina xəritələrini şərtsiz verilməsinin məsuliyyəti birbaşa Rusiyanın ucbatından baş verir. İndi Rusiya manipulyativ mövqe sərgiləyir. Əsirlərin ”hamının-hamıya" prinsipi ilə dəyişdirilməsi prosesi ötən ilin noyabrında baş tutub. Azərbaycanın əlində olanlar əsir deyil, terrorçu kateqoriyasına aid olduğundan Azərbaycan xəritələr müqabilində onları verməməlidir. Rusiya xəritələrin alınmasında Ermənistana başqa üsullarla təzyiq erməlidir. Belə rıçaqlar mövcuddur, Azərbaycanın əlində də belə vasitələr var". Ekspert hesab edir ki, “B” variantı kimi, işğaldan azad olunmamış ərazilərdə yeni antiterror əməliyyatları aparılmasına başlanıla bilər: “Həm də bu ərazidən hələ də erməni silahlı birləşmələri çıxarılmayıb və faktiki olaraq oradakı erməni birləşmələri terrorçu qruplar sayılmalıdır. Son zamanlar Rusiyanın bölgəmizdə yeni oyunlar oynaması da göstərir ki, rusları öz missiyalarını yerinə yetirməyə dəvət etməliyik, sazişə əməl etməyən tərəf biz deyilik, ruslar və ermənilərdir”.
Politoloqun dediyi kimi, Azərbaycan antiterror əməliyyatına start versə, o halda mühakimələri müşahidə edə biləcəyik. Qarabağda çoxlu sayda erməni yaraqlısının olduğu məlumdur. Həmçinin Laçın dəhlizi ilə Ermənistandan hərbçilərin daşınması da sübuta yetirilib. Belə çıxır ki, Rusiya Azərbaycanı “erməni əsirlər”lə bağlı “film”in növbəti “seriyalarını” çəkməyə vadar edir öz hərəkətətləri ilə. Əgər istək budursa, olsun! Bir də unutmasınlar, ermənilərin təqdim etdiyi mina xəritələrini cəmi 25 faizi reallığı əks etdirir, ancaq Bakıda saxlanılan ermənilər 100 faiz terrorçudur!
Bu günlərdə Zaxarovanın “patron”u, Rusiya XİN rəhbəri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasını Qarabağ yollarından istifadəyə (?!) dəvət etməklə də yanlış mövqe sərgiləmişdi. Belə görünür, ermənipərəstlər hərəkətə keçiblər yenidən, amma 44 günə torpaqlarını düşməndən təmizləyən Azərbaycanı bu kimi addımlarla yolundan döndərə bilməyəcəklər, dövlətimizin başçısının son günlər ermənilərə və havadarlarına xəbərdarlıqları da bunu deyir!/musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?