Gundemxeber.az » Siyasət » Əli Əsədov MDB hökumət başçılarının iclasında Mqer Qriqoryana cavab verdi
MDB ölkələrinin hökumət başçılarının videokonfrans formatında keçirilən iclası zamanı Azərbaycanın baş naziri Əli Əsədov çıxış edib. Bildirib ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərini tam icra edir.
"Azərbaycan üçtərəfli bəyanatın hərbi əsirlərin təhvil verilməsi ilə bağlı bəndlərini tam icra edir. 2020-ci il dekabrın 22-dən rusiyalı sülhməramlıların iştirakı ilə ümumilikdə 122 hərbi qulluqçu və saxlanılan şəxs qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfəri isə Azərbaycana qayıdıb" - deyə, baş nazir bildirib.
10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisində saxlanılan 62 erməni hərbi qulluqçu barədə danışan Ə.Əsədov vurğulayıb ki, bütün beynəlxalq qanunlara əsasən, onlar hərbi əsir hesab olunmur.
"Onlar müharibədən sonra saxlanılıb, diversiya məqsədilə ölkəmizin ərazisinə daxil olublar və hərbi əsir statusu onlara şamil edilmir. Bununla belə, Azərbaycan onlardan 29 nəfərini erməni tərəfinə qaytarıb. Bu qrupdan 33 nəfər məhkəmələrimiz tərəfindən mühakimə olunub və məsuliyyətə cəlb ediləcək".
Əli Əsədov onu da deyib ki, Azərbaycan ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində tanınması şərti ilə Ermənistanla sülh razılaşması imzalamağa hazırdır. Baş nazir Azərbaycanın habelə sərhədlərin demarkasiyası və delimitasiyasına dair işlərin başlamasına tərəfdar olduğunu deyib.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan isə iclasda ona söz verilməsindən istifadə edərək Azərbaycanı üçtərəfli razılaşmaları yerinə yetirməməkdə günahlandırmağa çalışıb. Baş nazir Əli Əsədov Mqer Qriqoryanın çıxışından sonra yenidən söz alaraq onun böhtan xarakterli iddialarını rədd edib. Bildirib ki, Azərbaycan üçtərəfli bəyanatın bütün müddəalarını yerinə yetirməyə tam sadiqdir.
Üçtərəfli bəyanatın bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə dair Qriqoryanın ittihamlarına gəldikdə isə baş nazir deyib ki, bu məsələ üçtərəfli işçi qrupunda müzakirə olunur. “Azərbaycanın bu məsələni (“Zəngəzur dəhlizi”nin açılmasını) guya güc tətbiqi ilə həyata keçirəcəyi haqda bəyanatı hesab edirəm ki, şərh etməyə ehtiyac yoxdur. Çünki bu məsələ işçi qrupu çərçivəsində müzakirə olunur və təkcə Azərbaycanın yox, regionun digər nümayəndələrinin bu günlərdə dediyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir”, - Əli Əsədov deyib.
GUNDEMXEBER.AZ
23-03-2021, 14:27
29-10-2020, 11:34
8-08-2014, 02:34
13-08-2014, 17:43
16-02-2021, 19:04
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?