"Bugünki görüş əslində noyabrın 10-da baş tutmalı idi. Lakin Paşinyan müxtəlif bəhanələrlə bu görüşdən yayındı".
Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, görüşün ana mövzusu Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası prosesidir: "Əsir-girovlarla paralel olaraq minalı ərazilərin müzakirəsi və xəritələrin dəqiq şəkildə qaytarılması vacib proseslərdən biridir. Burada söhbət dəqiq xəritələrin verilməsindən gedir. Bundan əvvəl verilən mina xəritələrin dəqiqliyi suallar doğurub və düzgünlüyü 25 faizdən yüksək olmayıb. Həmçinin, Azərbaycanın kifayət qədər üstündə dayandığı kommunikasiyaların açılması məsələsidir. Belə ki, söhbət Naxçıvanla Azərbaycanının maneəsiz, əlaqələrini təmin edən kommunikasiyaların açılmasından gedəcək. Çünki biz Ermənistanla Xankəndində yaşayan ermənilərin əlaqəsini təmin edən Laçın dəhlizini keçən ilin noyabrın 14-də yəni müharibə başa çatdıqdan 4 gün sonra açılmasını təmin etdik. Ermənistan isə bizi Naxçıvanla birləşdirəcək maneəsiz yolun açılması prosesini tam 1 ildən çoxdur ki, müxtəlif bəhanələrlə uzatmaqla məşğuldur. Hesab edirəm ki, bu dəfə Azərbaycan ilə Ermənistan arasında Rusiyada baş tutan görüşdə üçtərəfli yeni bir sənəd imzalana bilər. Müharibə başa çatdıqdan sonra bu Moskvada baş tutan üçüncü görüşdür. Əvvəlki hər iki görüşdə sənəd imzalanması olub. Odur ki, üçüncü dəfə sənədlərin imzalanacağına dair ehtimallarda doğruluq payı yüksəkdir. Rəhbərlər görüşürsə, deməli, imzalanması razılaşdırılan müəyyən məsələlər artıq həllini tapmaq üzrədir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?