Gundemxeber.az » Siyasət » İlham Əliyev Zəngilan rayonu üzrə xüsusi nümayəndəni qəbul etdi - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Dövlətimizin başçısı qəbulda çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
“Siz bu gün Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Sizə böyük etimad göstərilir və siz bu etimadı öz işinizlə doğrultmalısınız.
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.
Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanlarımız daha da artacaq.
Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir.
Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.
Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni, kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.
Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur və mən həmin rəqəmləri səsləndirmişdim. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Biz bunu peyk vasitəsilə müşahidə edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur.
Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə etmişdilər. Onlara məxsus olmayan, azərbaycanlıların tikdirdikləri və onların qanunsuz yaşadıqları evləri məhv etmiş, yandırmış, ağacları kəsmiş, yandırmışlar. Bütün əşyaları ya məhv etmiş, ya da ki, söküb aparmışlar. Bu biabırçı kadrlar xarici kanallar vasitəsilə də görüntüləndi və hər kəs görə bildi ki, onlar hansı əşyaları özləri üçün əziz bilib tələm-tələsik çıxartmağa nail olmuşdular. Amma, eyni zamanda, ağacları kəsib yandırmışdılar.
Biz Bəsitçay təbiət qoruğunun bərpasına başladıq. Mən tarixi Zəfərdən sonra ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişəm. Göstəriş verilib və təbii ki, biz Bəsitçay təbiət qoruğunu bərpa edəcəyik. Amma, buna, əlbəttə ki, çox vaxt lazım olacaq.
Eyni zamanda, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır.
Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər.
Eyni zamanda, təbii fəlakət zonaları arasında yenə də Zəngilanın ərazisindən keçən Oxçuçay çayının taleyini biz əfsuslar olsun ki, ürək ağrısı ilə dilə gətiririk. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur. Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə dərc edilib, həm foto, həm videogörüntülər var. Yəni, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib.
Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər, xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini - Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların da əlində sübutlar var. Amma bir addım atıldı? Yox.
Ona görə bu məsələni də indi bizim mərkəzi icra orqanları qaldırıblar və məşğul olurlar. Əlbəttə ki, siz mənim nümayəndəm kimi bütün bu məsələləri daha dərindən təhlil etməlisiniz və vurulmuş ziyanın ödənilməsi, məhkəmə və hüquq iddialarının qaldırılması ilə bağlı öz töhfənizi verməlisiniz. Əlbəttə, bu, əsas məsələlərdir, bu, ilkin mərhələdə görüləcək işlərdir, o cümlədən minatəmizləmə işləri. İndi bizim müvafiq qurumlarımız bu işlə məşğul olurlar. Əlbəttə ki, mənim yerlərdəki nümayəndələrim də burada fəal iştirak etməlidirlər, öz köməklərini göstərməlidirlər.
Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək işlər çoxdur. Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə, qeyd etdiyim kimi, yaxın zamanlarda icra olunacaq. Digər layihələrə də mütləq başlamaq lazımdır.
Zəngilan şəhərinin Baş planının ilkin versiyası mənə təqdim edilmişdir. Prinsip etibarilə bu, məqbuldur. Amma, əlbəttə ki, göstəriş vermişəm ki, daha geniş diskussiyalar, müzakirələr aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun. Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək. Həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcəkdir.
Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Mən artıq bəzi fikirlərimi bildirmişəm. Amma rayonun bütün kənd təsərrüfatı potensialı tam dəqiqliyi ilə təhlil edilməlidir və ora qayıdacaq keçmiş məcburi köçkünlər üçün də tövsiyələr verilməlidir. Əlbəttə ki, burada mərkəzi icra orqanları - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mənim nümayəndəm kimi siz birgə işləməlisiniz. Zəngilan rayonunun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün tövsiyələr verilməlidir - harada hansı iş görülməlidir? Əlbəttə ki, sovet vaxtında orada kənd təsərrüfatı ilə bağlı aparılan işlər təhlil edilməlidir. Ancaq təbii ki, bu, bizim üçün əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Biz Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirməliyik və bunu mən mərkəzi icra orqanları qarşısında vəzifə kimi qoymuşam – dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həsrətlə həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də ixrac deməkdir.
Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir.
Təbiətin qorunması, əlbəttə ki, ön planda olmalıdır. Zəngilan rayonunun çox gözəl təbiəti var, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından biridir. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Yəni, burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq edilməlidir, bütün sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm. Amma bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar. Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma, əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının məktəbləri var, nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ deyil. Amma, əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər.
Mən bir daha sizi bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirəm, uğurlar arzulayıram”.
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev dedi: “Çox sağ olun, möhtərəm cənab Prezident.
Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm və fəaliyyətimə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir.
Bu ərazilərdə, Şərqi Zəngəzurda görüləcək işlər hər birimiz üçün çox şərəfli olacaq. Yəni, Sizin rəhbərliyinizlə, Sizin tapşırdığınız prinsipləri əsas götürməklə biz sevimli Qarabağın inkişafı üçün əlimizdən gələni edəcəyik. Mən də bir qarabağlı olaraq bütün təcrübə və potensialımdan istifadə edib həmin ərazilərin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Cənab Prezident, Sizin kimi müdrik siyasi Liderin rəhbərliyi altında çalışmaq mənim üçün ən böyük şərəfdir. Yüksək etimadınıza görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyərdim. Çox sağ olun”.
Prezident İlham Əliyev: “Sağ olun”.
Gundemxeber..az
20-10-2020, 15:20
29-10-2019, 13:06
29-10-2013, 10:34
21-10-2020, 20:45
29-10-2018, 07:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?