Bu gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının ikigünlük sammiti açılır.
Görüş zamanı təşkilata üzv dövlətlərin başçıları 28 sənəd qəbul etməyi planlaşdırırlar.
Onların arasında regiondaxili ticarətin stimullaşdırılmasına, sənaye əməkdaşlığına, nəqliyyat əlaqəsinə dair, eləcə də bir sıra digər konsepsiya və proqramlar var.
Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.
Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi ölkələr statusuna malikdir. Tərəfdaşlar Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qonaq qismində qatılıb və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun məzarını ziyarət edib.
Ermənistanın baş naziri Nikol Paşinyan “yaranmış vəziyyətlə əlaqədar” (sentyabrın 12-13-də Ermənistan-Azərbaycan sərhədində miqyaslı hərbi münaqişə nəzərdə tutulur) sammitdə iştirakdan imtina edib.
Təşkilatın lideri olan Çinin nümayəndələri Paşinyanın qərarından təəssüfləndiklərini bildiriblər. Turan-ın Çin mənbələrindən aldığı məlumata görə, sammitdə Əliyev-Paşinyan görüşünün təşkili planlaşdırılırdı. Pekin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Əliyev- Paşinyan dialoqunda maraqlı olduğunu bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri tərəfindən yaradılıb.
Bu gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatında İrana tamhüquqlu üzvlüyün verilməsinə dair anlaşma memorandumu imzalanıb, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tvitter-də yazıb.
Sorğu
Yeni dizaynımız necədir?