“Azərbaycan prezidenti üçün bu həftə gərgin iş rejimi ilə seçildi. O, rəsmi səfərinə Ukraynadan başlandı və prezident Viktor Yanukoviçlə müvəffəqiyyətli danışıqlar apardı. İlham Əliyev Kiyevdən işgüzar səfərlə Avstriyaya yola düşdü və çərşənbə axşamı Vyanada Ermənistan prezidenti Serj Sarkisyanla görüşdü”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin son səfərlərini, o cümlədən Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərini qiymətləndirən “Nezavisimaya qazeta” yazıb.
Qəzet xüsusilə, Azərbaycan və Ermənistan dövlət başçılarının Vyana görüşünün bütün dünyanın diqqətində olduğunu qeyd edib. “Çünki son iki ildə Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesində durğunluq var idi. Müharibə vəziyyətində olan dövlət başçılarının konkret hansı nəticəyə gəldiyini demək çətindir. ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verməklə kifayətləndilər ki, prezidentlər “sonrakı danışıqlara impulsu verməyə razılaşdılar”, - qəzet vurğulayıb.
“Nezavisimaya qazeta” hesab edir ki, hadisələr sürətlə inkişaf etdiyindən Azərbaycan ictimaiyyəti də baş verənlərin mahiyyətini lazımınca dərk edə bilmir. Bununla dövlət başçımızın diplomatik görüşlər qrafikinin sıxlığına diqqət çəkilir.
Qəzet Belarus prezidentinin bu ilin sonunda ediləcəyi elan olunan səfərin də gözlənilməz olduğunu bildirir:“İndiki səfər İlham Əliyevin dəvəti ilə həyata keçirilir. Belə ki, o, keçən ilin yayında Minskə getmişdi. Həmin vaxt Aleksandr Lukaşenko Azərbaycan şirkətlərinə investisiyaların yerləşdirilməsi və Belarusda biznesin yaradılması üçün ən əlverişli şərtlər təklif etdi. “Əgər Azərbaycanda belə maraq olacaqsa, siz Belarusda ən prioritetli imkanlarla təmin olunacaqsınız”, - Lukaşenko bildirmişdi. Yerli analitiklərin fikrincə, Belarus lideri gələcəkdə energetika sahəsində sıx əməkdaşlığı nəzərə alır. “Biz energetika sferasında qarşılıqlı əməkdaşlığın yüksək effektivliyini sübut etməyi bacardıq. Belarus enerji təhlükəsizliyinin təminatında dəstəyə görə Azərbaycan minnətdardır”, - hələ keçən il Lukaşenko vurğulamışdı. O, əlavə etmişdi ki, Belarus şirkətləri Azərbaycan neftçıxarma sahəsində birgə fəaliyyət göstərməyə hazırdır”.
“Nezavisimaya qazeta” bu və digər məsələlərin noyabrın 12-də Bakıda keçirilən iqtisad-ticarət əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 8-ci iclasında müzakirə edildiyini xatırladıb:“Belarus baş nazinin birinci müavini Vladimir Semaşko iclasının nəticələrinə görə qeyd etdi ki, hazırda iqtisadi əməkdaşlığın yeni sferalarının açılması əsas məqsəddir. Onun sözlərinə görə, maşınqayırma, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlığın yaxşı təcrübəsi var”.
“İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tərəflərin arzusu tamamilə başa düşüləndir. Çünki Azərbaycan və Belarus arasında əmtəə dövriyyəsinin həcmi ürəkaçan deyil. 2006-cı ildən 2012-ci ilə qədər ölkələr ticarət dövriyyəsini altı dəfə artırıblar. Bununla belə keçən ilin nəticəsinə görə, ölkələr arasındakı ticarət dövriyyəsi 223 milyon dollardan bir az çox olub. Bu ilin yanvar- sentyabr aylarında isə ticarət dövriyyəsi 216 milyon dollar səviyyəsində olub. Belarusun ixracı 1,6 dəfə artıb”, - yazıda bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?