Baytarlıq İnstitutunun sabiq laboratoriya müdiri Əbülfət Alıyev keçmiş direktoru Səhman Bayramovu elmi plagiatlıqda və başqa qanunsuz əməllərdə günahlandırır Elmi Tədqiqat Baytarlıq İnstitutunun sabiq laboratoriya müdiri Əbülfət Alıyev üzləşdiyi haqsızlıqlarla bağlı redaksiyamıza məktub göndərib. O, 1994-cü ildə tamamladığı dissertasiyanı müdafiə edə bilməməkdə, ona yaradılan süni maneələrdən şikayətçidir. Ə.Alıyevin məktubunu ixtisarla sizə təqdim edirik.
Ə.Alıyev yazır: “Kənd Təsərrüfatı heyvanlarının brusellozunun diaqnostikası və profilaktikasının təkmilləşdirilməsi" mövzusunda dissertasiya yazmışam. Elmi rəhbərim, prezident təqaüdçüsü, baytarlıq elmlər doktoru, professor Qara Əli oğlu Sarıyev işin müdafiəyə buraxılmasını məqbul hesab sayıb.
1994-2011-ci illərdə dissertasiyam bir neçə dəfə institutun ekspertizasından keçmiş, Elmi Şurada isə dəfələrlə müzakirə edilib. Bu dövrdə dissertasiya mövzusunun adı 4 dəfə Elmi Şuranın qərarı ilə dəyişdirilib, qərəzli qərarlar verilib və nəticədə dissertasiyanın müdafiəsi gecikdirilib".
Ə.Alıyev qeyd edir ki, 1999-2009-cu illərdə Baytarlıq İnstitutunun Bruselloz və vərəmi öyrənən laboratoriyanın müdiri, sonra isə böyük elmi işçi vəzifəsində işləyib: “Son 12 ildə icra olunan bruselloz və vərəm mövzularının elmi rəhbəri olmuşam. Mənimlə bağlanmış əmək müqaviləsinin 3.4 bəndinə əsasən alınmış yeniliyin sənədləşdirilməsi barədə mən institutun rəhbərliyinə rəsmi bildirməliyəm. Sabiq direktor Çingiz Əhmədov alınmış nəticələri yoxlamadan əmək müqaviləsinə xitam verərək, məni işdən çıxartdı. Ancaq məhkəməyə müraciət edib işə bərpa olundum”.
Ə.Alıyev dissertasiyanın müdafiəsinə yaradılan süni əngəllərlə bağlı sabiq kənd təsərrüfatı naziri İsmət Abasova müraciət etdiyini deyir: “2012-ci ilin oktyabrın 5-də sabiq nazir İsmət Abasovun qəbulunda oldum. İ.Abasov müavini Bəhram Əliyevə göstəriş verdi ki, yenidən neytral mütəxəssislərdən ibarət komissiya yaradılsın və şikayətim araşdırılsın. 2012-ci ilin dekabrın 20-də Elmi Şura keçirildi. Mənə 10 dəqiqə çıxış üçün söz verildi. Çıxışımda bildirdim ki, təklif etdiyimiz ”ABNUREL" triada reaksiyası səlahiyyətli Azərbaycan, Moskva, Kazan Baytarlıq və Tibb İnstitutlarının professor-müəllim heyəti tərəfindən bəyənilmiş, baytarlıq praktikasında tətbiq edilməsi tövsiyə edilmişdir. Səhiyyə Nazirliyinin Tibbi Elmi Şurasının rəyi isə belə olmuşdur: “Alınmış nəticələrin insan patologiyasında tətbiqinin öyrənilməsi çox vacibdir və hazırda insanlarda bu xəstəliyin diaqnostikasında mövcud problemlərin həllinə köməklik göstərə bilər”. Verilən suallara ətraflı və elmi əsaslarla cavab verdim, yeniliyin əksinə heç bir elmi əsaslı dəlil olmadı. Sonda komissiyanın arayışı ilə tanış oldum. Arayış yalan, cəfəngiyat, qərəzli sözlərlə dolu idi, yeniliyin əksinə heç bir elmi əsaslı irad yox idi. İclasın sonunda plagiat direktor Səhman Bayramov özünün hazırladığı qərarı oxudu və qərara səs verilməsini şura üzvlərindən xahiş etdi: metodik göstəriş qeyri-məqbul hesab edilsin, eyni zamanda əmək müqaviləsinə xitam verilməsi direktorluğa həvalə edilsin".
Ə.Alıyev iddia edir ki, Baytarlıq İnstitutunun direktoru Səhman Bayramovun elmi işinin plagiat olması sübut edilib: “S.Bayramov Krasnoyarsk Aqrar Universitetinin 2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş Veniamin Vasilyeviç Kibakinə məxsus dissertasiyanın nəticələr və praktik təkliflərini öz adına çıxıb. Mənim rəsmi müraciətimdən sonra Səhman Bayramovun saxta doktorluq dissertasiyası Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə plagiat olduğu üçün müdafiəyə buraxılmayıb. Bu qərar Aqrar Elm Mərkəzinin Rəyasət heyətində müzakirə edilmiş, direktor Səhman Bayramov barəsində qanuna müvafiq tədbirlərin görülməsi göstərişi verilib. Ancaq bu barədə sabiq nazir müavini Bəhram Əliyevə məlumat verilmədiyindən ona qarşı heç bir tədbir görülməyib. Hazırda isə mən 1 aydır bu barədə yeni nazir Heydər Əsədova müraciət etmişəm. Nazir şikayətimi araşdırılması üçün Aqrar Elm Mərkəzinə göndərib. İnanıram ki, şikayətim obyektiv araşdırılacaq, Azərbaycan elmi plagiat institut direktorundan qurtulacaq”.
Ə.Alıyev hazırda hüquqlarının bərpa olunması ilə bağlı məhkəmə çəkişmələrində olduğunu yazır. Onun iddiası Nizami məhkəməsində təmin olunmayıb, Apelyasiya Məhkəməsi isə birinci instansiya Məhkəməsinin qərarının qüvvədə saxlayıb. O, Ali Məhkəməyə Kasasiya Şikayəti verməyə hazırlaşır.
Qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Bununla belə yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?