İlk oyunda meydan sahibləri Braziliya Xorvatiyanı sınağa çəkəcək
Bu gün futbol üzrə 20-ci dünya çempionatına start veriləcək. Braziliyada təşkil olunacaq mundialın açılış matçı Sao Paulo şəhərində baş tutacaq. 32 komandanın iştirakı ilə keçiriləcək turnirin açılış matçında meydan sahibləri - Braziliya və Xorvatiya yığmaları üz-üzə gələcək. Həmin görüş bu gecə, Bakı vaxtı ilə saat saat 01:00-da başlayacaq.
12 iyun A qrupu 01:00. Braziliya - Xorvatiya (iyunun 12-dən 13-nə keçən gecə)
13 iyun 21:00. Meksika - Kamerun
Təbii ki, ilk oyunda bütün futbolsevərlərin diqqəti Braziliyanın 10 nömrəli oyunçusu, İspaniyanın "Barselona" komandasının hücumçusu Neymara yönələcək. O, bu gün 10 nömrə ilə meydana çıxacaq. Qeyd edək ki, Brazilya yığma komandasında 10-cu nömrənin xüsusi tarixi var. 1958-ci ildə 17 yaşlı Pele köynəyindəki rəqəmləri dünyanın ən populyar nömrəsinə çevirdi. 13 il «10-luq yükünü» belində daşıyan Peledən sonra Braziliya millisində bu nömrə altında meydana çıxan oyunçu həmişə diqqət mərkəzinə çevrilir. Bu il Braziliyanın 10 nömrəli oyunçusu Neymar fikirlərini belə bölüşüb: «Bu nömrəni daşımaq böyük şərəfdir. Mənim üçün onun böyük əhəmiyyəti var». Neymar Xorvatiyaya qarşı oyundan 1 gün əvvəl, San Pauloda keçirilən mətbuat konfransında belə deyib. 22 yaşlı Neymar daha çox 11 nömrəsi ilə assosiasiya olunurdu. Hazırda oynadığı «Barselona» klubunda da bu nömrə ilə çıxış edir. Xəbər verilir ki, ötən ilin yayında Konfederasiya kubokunda uğurlu oyunlardan sonra Neymar özü Braziliya yığması tərkibində meydana 10 nömrəli köynəklə çıxmağı arzulayıb, bununla da öz üzərinə böyük psixoloji yük götürüb. Son 2 dünya çempionatında Braziliya yığmasında bu nömrə ilə çıxış edən futbolçular rəqib qapısına qol vura bilməyiblər. 2006-cı ildə Ronaldinyo, 2010-cu ildə isə Kaka «post-Pele» sindromunun öhdəsindən gələ bilməyiblər. San Paulodakı mətbuat konfransında 10 nömrə yükü əsas mövzu olsa da, Neymar sakit görünürdü: "Mən ən yaxşı oyunçu və ya bombardmançı olmaq istəmirəm. Yeganə arzum dünya çempionatının qalibi olmaqdır».
Sorğu
Yeni dizaynımız necədir?