Avropa Liqasının pley-off mərhələsində “Partizan”la qarşılaşan “Neftçi” matçın əvvəlində əldə etdiyi 2:0 hesablı üstünlüyü qoruya bilmədi. Qısa zamanda dubl edən Denis Silva çox keçmədən öz qapısına da qol vurdu. Daha sonra serblər bərabərliyi təmin etdi. İkinci yarıda isə Elvin Yunuszadənin avtoqolu “Partizan”a qələbə qazandırıdı – 3:2 Düşünmək olardı ki, “Neftçi” erkən arxayınçılığın qurbanı olub. 2:0 hesablı üstünlük əldə edən komanda artıq qələbə qazandığını düşürərək arxayınlaşıb və 3 qol buraxaraq məğlub olub. Futbol tarixində bu kimi hallarla dəfələrlə rastlaşmışıq. Amma… “Neftçi”nin Serbiyadakı oyunu ilə bağlı kifayət qədər şübhəli məqamlar var.
Oyunun əvvəlində dubl edən Denis Silva baş zərbəsi ilə öz qapısına elə qol vurdu ki, sanki qarşısındakı komanda yoldaşı Saşa Stamenkoviç yox, rəqib komandanın qapıçısı idi. Hətta bu qolu “Partizan”ın qapısına vurduqlarından da baxımlı alındı. Az sonra hesabı bərabərləşdirən Petar Qrbiç isə topu ofsayddan qəbul etmişdi. Lakin hakimin fiti kimi “Neftçi”nin futbolçuları da susdu və heç bir etiraz etmədilər. Halbuki, bu kimi hallarda “ağ-qaralar” hakimlərə kəskin şəkildə etiraz etməli, qərar dəyişməsə də narazılıqlarını bildirməli idilər. Amma “Neftçi”nin oyunçuları bu dəfə qərarla razılaşıb susdu. İkinci yarıda isə Elvin Yunuszadə topu cərimə meydançasından uzaqlaşdırmaq əvəzinə tora qovuşdurdu. Bununla da “Partizan” qələbə qazandı. Türkiyə mənbələrində bu oyunla bağlı maraqlı məqamlar var. Belə ki, Umut Doğan adlı şəxs “Partizan” – “Neftçi” qarşılaşmasının nəticəsinin əvvəlcədən məlum olduğunu qeyd edib. O, matçın 100 faiz türklər demiş, “şike” olduğunu bildirib. Umut Doğan matçdan 5 saat əvvəl bukmeker səhifələrindən birində oyunla bağlı proqnoz verib. Onun proqnozu oyunun nəticəsi ilə üst-üstə düşür – ilk yarı heç-heçə bitəcək, ikinci hissədə “Partizan” qələbə qazanacaq. O, özünə məxsus səhifədə nəticəsinə əmin olduğu qarşılaşmanı kuponuna da köçürüb. Türkiyə mənbələrindəki məlumatlara əsaslansaq, onlar “Partizan” – “Neftçi” matçının nəticəsini düz 7 saat əvvəl biliblər. Bu iddialar, həmçinin oyunda vurulan qollardakı şübhələr “Neftçi”nin “Partizan”la oyunu qumara qoyduğunu iddia etməyə əsas verir. Kim bilir, bəlkə klub rəhbərləri özləri də bu oyuna pul qoyaraq 90 dəqiqənin tamamında yaxşı pul əldə ediblər…(piasport.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?