İtaliyanın "Milan" futbol klubunun prezidenti və sahibi Silvio Berluskoni klubun Çindən olan bir qrup sərmayədara satılacağını təsdiqləyib.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, ürəyindən əməliyyat olunan və bu yaxınlada xəstəxanadan evə buraxılan sabiq baş nazir bildirib ki, satış barədə danışıqlar 1 ildən çox davam edib. O, yaxın vaxtlarda sövdələşmənin əldə olunacağını söyləyib.
Klubun yeni sahibləri 2 il ərzində S. Berluskoniyə 400 milyon avro ödəyəcək. "Mən vacib qərar qəbul etmişəm. "Milan"ı təkcə İtaliyada deyil, Avropada və bütün dünyada ən böyük edəcək insanlara bu klubu təhvil vermək istəyirəm. Klubu layiq olduğu yerə qaytaracaq insanlara satıram", - deyə S. Berluskoni söyləyib.
"The Guardian"ın məlumatına əsasən "Milan"ı satın alacaq çinli investorlar qrupuna "Baidu" axtarış sisteminin yaradıcısı Robin Li rəhbərlik edir. R. Li Çinin zəngin adamlarının siyahısında 4-cü sıradadır. Onun sərvəti 11,9 milyard dollar həcmində qiymətləndirilir.
"Baidu" özündə veb-xidmətləri birləşdirən Çin şirkətidir. Həmin xidmətlərin arasında eyni adlı axtarış sistemi də var. "Baidu" Çin axtarış sistemləri arasında ilk sırada, qlobal axtarış sistemində isə 18,03%-lik payla 2-ci yerdədir. "Baidu" indeksində 740 milyondan çox veb səhifə, 80 milyon təsvir və 10 milyon mediafayl var. "Baidu" internet ensiklopediyasına da malikdir və bu sahədə Çin "Wikipedia"sını ötüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?