Xəbər verdiyimiz kimi, bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçiriblər.
Aksiyaya səbəb Güləş Federasiyasının idmançılara qarşı biganəliyi, 15 aydır ki maaşların verilməməsi, məşq zallarındakı şəraitsizlik olub. Aksiyada olimpiya çempionu Toğrul Əsgərov, "Rio” olimpiyadasının bürünc medalçısı Rəsul Çunayev, tanınmış güləşçi Hacı Əliyev və digərləri iştirak ediblər.
Aksiyaya gələn idmançılar mövcud vəziyyətin getdikcə pisləşdiyini və 3 həftə sonra başlayacaq güləş üzrə dünya çempionatına heç bir hazırlığın getmədiyini bildiriblər. Onlar belə olan halda bu yarışda da iştirak etməyəcəklərini əlavə ediblər.
Məsələ ilə bağlı bir sıra gizli qalan məqamları öyrənə bilib. Məlumata görə, maliyyə sıxıntısı çəkən sərbəst və yunan-roma güləşi üzrə Azərbaycanın tanınan idançıları ölkədən getmək barəsində düşünürlər. Hətda bir müddət öncə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyi ilə bağlı yayılan xəbərlər də təsadüfi olmayıb. Həmin ərəfələrdə Toğrul Əsgərov xəbərləri təkzib etsə də, əslində onun da belə bir fikri olub. Ancaq rəhbərlik ona vəd verərək problemlərin aradan qaldırılacağına inandırsa da, bu vəd də çox keçmədən özünü doğrultmayıb. Nəticədə idmançılar aksiya etmək qərarına gəliblər.
Bundan başqa Güləş Federasiyasında maliyyə problemlərinin yaşanmasının ən böyük səbəbi federasiyanın Vergilər naziri Fazil Məmmədovun kurasiyasından çıxması olub. Belə ki, öncələr nazirə yaxın çevrələrin dəstəyi ilə ayaqda duran federasiya Gənclər və İdman nazirliyinin nəzarətinə keçəndən sonra tamamilə maliyyəsiz qalıb. Fazil Məmmədovun dəstəyi zamanı "bəy" kimi dolanan idmançılar, indi tamamilə diqqətdən kənarda qalıblar. Məlumata görə, idmançıların hər ay "Ata Bank"da olan hesablarına vaxtı-vaxtında maaşları yüklənirmiş.
Hazırda nazirlik federasiyanın xərclərinin böyük əksəriyyətini qarşılamır. Hətda yarışlara ayrılan büdcələr də sıfırlanıb. Məlumata görə, Rio olimpiyadasında ən çox medalı güləş üzrə milli komandanın üzvləri alsa da pul mükafatları hələ də sahibinə verilməyib./azxeber.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?